13 OKTYABR 2022
TACİKİSTAN
BMT İnsan Hüquqları Komitəsi Tacikistandakı Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunmasını qeyri-qanuni hesab edir
BMT İnsan Hüquqları Komitəsi 7 sentyabr 2022-ci il tarixində Tacikistanın Yehovanın Şahidlərini diskriminasiyaya məruz qoyması ilə bağlı çox vacib bir qərar elan etdi. Komitə 7 iyul 2022-ci il tarixində «Adırxayev Tacikistana qarşı» işində Yehovanın Şahidlərinin xeyrinə qərar verdi. Bu iş Tacikistanın Yehovanın Şahidlərini hüquqi cəhətdən tanımaqdan imtina etməsi və daha sonra onların fəaliyyətinə qadağa qoyması ilə bağlı idi.
Yehovanın Şahidləri Tacikistanda 50 ildən çoxdur ki fəaliyyət göstərir. Yehovanın Şahidlərinin dini təşkilatı Tacikistanda 1994-cü ildə qanuni şəkildə qeydiyyatdan keçmişdi. Amma 11 oktyabr 2007-ci ildə Mədəniyyət Nazirliyi qeydiyyatı ləğv etdi və Yehovanın Şahidlərinin fəaliyyətini qadağan etdi. Hökumət iddia edir ki, Yehovanın Şahidlərinin təbliğ işi ilə məşğul olması, etiqadlarına görə hərbi xidmətdən imtina etməsi və haqq dində olduqlarına inanması ekstremist fəaliyyət hesab olunur. Yehovanın Şahidlərinin dini təşkilatı qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
BMT İnsan Hüquqları Komitəsi təzəlikcə verdiyi qərarda bildirdi ki, Tacikistanın Yehovanın Şahidlərinin fəaliyyətini qadağan etməsi qeyri-qanunidir. Komitə qeyd edir ki, hökumətin Yehovanın Şahidlərinin dini təşkilatını qadağan etmə və yenidən qeydiyyata almaqdan imtina etmə «səbəblərinin heç biri» tutarlı deyil.
Komitə həmçinin qeyd etdi ki, Tacikistan hökumətinin Yehovanın Şahidlərinin dini təşkilatını qeydiyyatdan keçirməməsi növbəti problemlərə gətirib çıxarır: Yehovanın Şahidləri «həbs olunur, sorğu-sual edilir, evlərində axtarış aparılır, döyülür, dini nəşrləri müsadirə edilir, [kimisi] ölkədən deportasiya olunur». Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına əsasən, Komitə qət etdi ki, Yehovanın Şahidlərinin hüquqları pozulur.
BMT İnsan Hüquqları Komitəsinin göstərişinə əsasən, Tacikistan hökuməti Yehovanın Şahidlərinin qeydiyyatdan keçmək üçün etdikləri müraciətə yenidən baxmalı və hüquqları pozulan kəslərə maddi kompensasiya ödəməlidir. Komitə həmçinin vurğuladı ki, Tacikistan «bu kimi qanun pozuntularının gələcəkdə baş verməməsi üçün lazımi tədbirlərin görülməsində məsuliyyət daşıyır».
Komitənin verdiyi qərar 71 yaşlı Şamil Xakimov qardaşımızın da məhkəmə işinə öz təsirini göstərə bilər. Qeyd edək ki, dinc şəkildə ibadət edən qardaşımızı 2019-cu ilin fevral ayından həbs ediblər. Tacikistan hökumətinin qardaşı həbs etməkdə gətirdiyi yeganə əsas Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunmasıdır.
Ümid edirik ki, BMT İnsan Hüquqları Komitəsinin qərarı Tacikistandakı Yehovanın Şahidlərinin azad şəkildə ibadət etməsi ilə nəticələnəcək. Dua edirik ki, Yehovanın köməyi ilə müjdənin müdafiəsi və qanuni tanınması üçün görülən bütün cəhdlər uğurlu olsun (Filippililərə 1:7).