Kontentə keç

Covidon Boboconov

18 NOYABR 2020
TACİKİSTAN

Covidon Boboconov prezident amnistiyası ilə həbsdən azad edilib

Covidon Boboconov prezident amnistiyası ilə həbsdən azad edilib

«Yehova mənə imanda möhkəm qalmağa kömək etdi». Bu sözləri həbsdən azad edilən Covidon Boboconov 2020-ci il noyabrın 1-i deyib. Bundan bir gün əvvəl Tacikistanın prezidenti onu, eləcə də 377 məhbusu əfv etdi. Covidon əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün ona təyin olunmuş iki il həbs müddətinin doqquz ayını çəkdi.

4 oktyabr 2019-cu il tarixində hərbçilər o vaxt 19 yaşı olan Covidonu evindən zorla çağırış məntəqəsinə apardılar. Növbəti bir neçə ay ərzində onu bir hərbi hissədən digərinə keçirirdilər. Gətirildiyi hərbi hissələrdə müvəqqəti saxlama kamerasına salınan Covidon hər dəfə nəyə görə hərbi xidmətdən imtina etdiyini izah etməli olurdu. Covidon deyir: «Komandirlər və əsgərlər mənə məntiqsiz suallar verirdi. Hamı istəyirdi ki, mən öz dinimdən dönüm. Onlar məni qəsdən qıcıqlandırırdılar ki, özümdən çıxım. Bəzən gecənin ortasında məni yuxudan oyadıb yenə də eyni sualları verirdilər və tələb edirdilər ki, nəyə görə hərbi xidmətdən imtina etdiyimi izah edim.

Amma dua mənə çox kömək edirdi. Hərbi hissədə hər gün ağlayaraq Yehovaya dua edirdim ki, mənə təslim olmamağa, Onu məyus etməməyə və məni qıcıqlandıranda cavab qaytarmamağa kömək etsin.

Sanki Yehova əlimdən bərk-bərk tutmuşdu. Özümü tənha hiss edəndə çox kədərlənirdim, lakin Yehova yaratdıqları vasitəsilə məni gücləndirir və ürək-dirək verirdi. Səhər gözlərimi quşların cikkiltisi ilə açırdım. Gecələr isə ayı və ulduzları seyr edirdim. Yehovanın bu ənamları mənə sevinc verir və ruhlandırırdı».

Covidon 2 aprel 2020-ci il tarixində məhkum olunmuş və müvəqqəti saxlama kamerasından həbsxanaya keçirilmişdi. Ona məktub almağa icazə verilmirdi. Bununla belə, yerli bacı-qardaşlar ona ərzaq gətirir və ərzağı gətirdikləri paketlərin üzərində gündəlik ayəni yazırdılar. Covidon deyir: «Artıq özümü tənha hiss etmirdim və dostlarımın nə qədər qayğıkeş olduğunu gördüm».

Covidon həmçinin çox sevinir ki, Müqəddəs Kitabdan Romalılara 8:37—39 kimi ruhlandırıcı ayələri yadında saxlaya bilib. O deyir: «Həbsdə bu sözlərin həqiqiliyini dərk etdim. Heç bir sınaq məni Yehovanın məhəbbətindən ayıra bilmədi. Yehova mənə imanda möhkəm qalmağa kömək etdi».

Covidonun nümunəsi onun valideynlərini də möhkəmləndirdi. Onun atası Abducamol deyir: «Bizim imanımızı dua və bu sınaqdan uğurla çıxan oğlumuzun gözəl nümunəsi möhkəmləndirdi. Dünyadakı bacı-qardaşlar bizə çox dəstək oldular. Onların dualarına görə ürəkdən minnətdarıq. Belə qayğıkeş və sevən dostlara görə Yehovaya çox sağ ol demək istəyirik».

Bu axır zamanda qarşıda hamımızı «odlu-alovlu» sınaqlar gözləyir (1 Butrus 4:12). Covidon sözlərinə belə yekun vurur: «İndi ki azadlıqdayam, bu vaxtdan biliyimi artırmaq və qarşıdan gələn sınaqlara hazırlaşmaq üçün istifadə etmək istəyirəm. Həyatlarında ciddi sınaqları olmayanlar azadlıqlarından maksimum istifadə etməli və Müqəddəs Kitabı və nəşrlərimizi oxumaqla Yehova haqqında biliklərini artırmalıdırlar».