Kontentə keç

Rustamjon Norov (soldan ikinci) anası Farizə, qardaşı Ravşan və atası Batır ilə (Qırğızıstan filialı, 2016-cı il)

27 OKTYABR 2020
TACİKİSTAN

Məhkəməyədək həbsdə olan Rustamjon Norov beş ilədək həbsə məhkum edilə bilər

Məhkəməyədək həbsdə olan Rustamjon Norov beş ilədək həbsə məhkum edilə bilər

Hökmün elan ediləcəyi tarix

Tacikistan hərbi məhkəməsi tezliklə Rustamjon Norovun işi üzrə hökmünü elan edəcək a. O, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün iki ildən beş ilədək həbsə məhkum edilə bilər. Rustamjon 1 oktyabr 2020-ci il tarixindən həbsdə saxlanılır.

Qardaş haqqında məlumat

Rustamjon Norov

  • Doğulduğu il: 1998 (Düşənbə)

  • Bioqrafiya. Özünü və ailəsini təmin etmək üçün mənzillərin və mebellərin təmiri ilə məşğul olurdu. Futbol oynamağı sevir.

  • 2016-cı ildə 17 yaşında ikən vəftiz olundu. İki il sonra tacikdilli sahədə kömək etmək üçün ailəsinin olduğu rusdilli yığıncaqdan tacikdilli yığıncağa keçdi.

Cinayət işi haqda məlumat

2016 və 2017-ci illərdə Rustamjon könüllü olaraq yerli hərbi komissarlığa gələrək bitərəf mövqeyini izah etdi və mülki alternativ xidmət keçməyə hazır olduğunu bildirdi. Qardaşın izahatı hərbi komissarlığın rəis müavininin çox xoşuna gəldi və onun mövqeyinə hörmətlə yanaşdı. Növbəti üç il ərzində onu həqiqi hərbi xidmətə çağırmadılar.

Amma 24 sentyabr 2020-ci il tarixində onu rayon hərbi komissarlığına çağırdılar. Hərbçilər tərəfindən üç saat sorğu-sual edildikdən sonra onu hərbi xidmətə yararlı elan etdilər. Sonra hərbçilər onu zorla tibbi müayinədən keçirməyə cəhd göstərdilər. Bunun şahidi olan atası hərbçilərdən xahiş etdi ki, oğlunun işini prokurorluğa göndərsinlər.

Oktyabrın 1-i Rustamjon atasıyla birgə prokurorluğa getdi. Prokuror onları rayon polis əməkdaşının müşayiəti ilə rayon hərbi komissarlığına göndərdi. Ora çatanda Rustamjonun atasını içəri girməyə qoymadılar. Özünü isə iki gün müddətinə saxladılar. Ona qarşı nə rəsmi ittiham irəli sürüldü, nə də istintaq aparıldı. Orada olduğu müddətdə ona vəkili ilə görüşüb məsləhətləşməyə icazə vermirdilər.

Oktyabrın 3-ü Rustamjon ailəsinin yaşadığı Düşənbə şəhərindən təxminən 300 kilometr aralıda yerləşən Xucand şəhərindəki hərbi hissəyə göndərildi. Növbəti iki gün ərzində onu Xucanddakı bir hərbi hissədən o biri hərbi hissəyə keçirirdilər.

Oktyabrın 6-ı Rustamjona ailəsinə zəng etməyə və vəkilin ona baş çəkməsinə icazə verdilər. Oktyabrın 17-i tacik hərbi məhkəməsinin qərarı ilə o, məhkəməyədək həbsə alındı. Prokurorluq istintaqı bitirənə və məhkəmə onun işi üzrə hökm çıxaranadək Rustamjon həbsdə qalacaq. O, hərbi xidmətdən yayınmaq məqsədi ilə tibbi kartını saxtalaşdırmaqda ittiham olunur.

Həbsdə olsa da, Rustamjon ruhdan düşmür və Yehovaya tam güvənməyə davam edir. O, Yehovaya minnətdardır ki, onu bu sınağa hazırlayıb, bunun üçün lazım olan iman və cəsarəti inkişaf etdirməyə kömək edib. O həmçinin 2013-cü ildə gözlənilmədən üzləşdiyi sınağa görə də minnətdardır. Həmin il yerli hakimiyyət nümayəndələri onu kiçik qardaşı Ravşan ilə birgə tibbi müayinədən keçirmək üçün məktəbdən hərbi komissarlığa apardılar. O vaxt Rustamjonun 15 yaşı var idi, o, vəftiz olunmamış təbliğçi idi və hərbi xidmətə çağırılacaq yaşda deyildi. Bu hadisədən sonra onların atası Batır ailəvi ibadət zamanı oğullarına məsihi bitərəfliyini müdafiə etməyi öyrətməyə xüsusi diqqət yetirməyə başladı. Mütəmadi olaraq Batır hərbi komissarlığın əməkdaşı rolunu oynayırdı, oğulları isə imanlarını müdafiə etməli idilər.

Rustamjon deyir: «Ailəvi ibadətdəki bu məşqlərdən qabaq mən düşünürdüm ki, imanımı müdafiə etməyə hazıram. Amma bunu səhnələşdirməyə başlayanda mən həyəcan və qorxu keçirdim. Düzü, bu, məni çox təəccübləndirdi. Onda mən başa düşdüm ki, imanım və bitərəfliyimi qorumaq barədə dua etməli və daha çox araşdırma aparmalıyam. Yavaş-yavaş qorxu hissim keçdi. 2016-cı ilin yaz ayında həyatımı Yehovaya həsr etdim və vəftiz olundum».

Rustamjona həmçinin imanına görə həbsdə olan yetkin və yaşca ondan böyük olan qardaşlarla ünsiyyət də kömək etdi. O deyir: «Bitərəf mövqeyimə görə hansı çətinliklərlə üzləşəcəyimi aydın başa düşürəm. Məni həbsxanaya göndərsələr, “yeni ərazidə” Yehovanın adını müqəddəs tutmağı özüm üçün şərəf bilərəm».

Rustamjonun atası deyir: «İradəsini yerinə yetirmək və qayğıkeş əllərində alət olmaq şərəfinə görə ailəmiz Yehovaya minnətdardır. Ruhani ailəmizə demək istəyirik ki, onların məhəbbətini, dualarını, eləcə də emosional və ruhani dəstəyini hiss edirik. Biz narahatçılıq keçirmirik. Yehova Kəlamında söz verdiyi kimi, ürəklərimizdə Onun sülhü hökm sürür» (Filippililərə 4:6, 7).

a Bəzən qərarın veriləcəyi tarix əvvəlcədən bəlli olmur.