Kontentə keç

10 DEKABR 2019
ALBANİYA

Albaniyada güclü zəlzələ baş verib

Albaniyada güclü zəlzələ baş verib

Albaniyada son 40 ildə ən güclü zəlzələ baş verib. Qardaşlarımız arasında ölən, yaxud xəsarət alan yoxdur. Bununla belə, dindaşlarımızın yaşadığı 35 ev və ibadət evləri kimi istifadə edilən 3 bina təhlükəli vəziyyətə düşüb.

6,4 bal gücündəki bu zəlzələ 2019-cu il noyabrın 26-sı baş verib. 51 nəfər ölüb, 3000-dən çox insan xəsarət alıb, minlərlə insan evlərindən didərgin düşüb. Evlərini tərk etməli olan Yehovanın Şahidləri qohumlarının və başqa yığıncaqlardan olan bacı-qardaşların evlərində qalır. Zərər dəymiş ibadət evlərində vaxtilə yığışan yığıncaqlar öz görüşlərini təhlükəsiz ərazilərdəki ibadət evlərində keçirir.

Bir ağsaqqal fəlakətə qabaqcadan hazır olmağın ailəsinə necə kömək etdiyindən danışdı: «Yeraltı təkanlar başlayan kimi “ehtiyac çantamızı” götürüb evi bir dəqiqənin içində qaça-qaça tərk etdik. Çantaya qoyduğumuz zəruri əşyalar — ədyallar, su, dərman və ərzaq işimizə yaradı. Məhəbbət və qayğıya görə Yehovaya və Rəhbərlik Şurasına minnətdarıq».

Qardaşlara təsəlli vermək və onlara dəstək olmaq üçün rayon nəzarətçiləri dərhal özlərini fəlakət zonalarına çatdırdılar. Bir rayon nəzarətçisi və onun həyat yoldaşının mənzilinə ziyan dəydiyi üçün orada yaşamaq mümkün deyildi. Lakin özləri çətin vəziyyətdə olsalar da, saatlarla başqalarına ürək-dirək verirdilər.

Filial komitəsində xidmət edən qardaşlar ən çox zərər dəymiş ərazilərə baş çəkib. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi artıq iş başındadır.

Dua edirik ki, Albaniyadakı bacı-qardaşlar dözümlü olsunlar. Biz təbii fəlakətlərin olmayacağı vaxtı həsrətlə gözləyirik (Romalılara 8:25).