7 YANVAR 2022
ALBANİYA
Albaniyada müjdə artıq 100 ildir təbliğ edilir
2022-ci ildə Yehovanın Şahidlərinin Albaniyada təbliğ fəaliyyətinin 100 ili tamam olur.
Naşo İdrizi həqiqəti qəbul edən ilk albanlardan biri olub. 1920-ci illərin əvvəlində ABŞ-da yaşadığı zaman o, Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları ilə (Yehovanın Şahidlərinin o vaxtkı adı) Müqəddəs Kitabı araşdırmağa başladı.
1922-ci ildə Naşo Albaniyaya qayıtdı. Daha sonra Birləşmiş Ştatlarda Müqəddəs Kitab Tədqiqatçıları olmuş digər albanlar da öyrəndiklərini soydaşları ilə bölüşmək üçün evlərinə döndülər.
Tanas Duli də Albaniyada ilk Müqəddəs Kitab Tədqiqatçılarından biri olub. O demişdi: «1925-ci ildə Albaniyada üç yığıncaq, eləcə də ölkənin müxtəlif bölgələrində Müqəddəs Kitab Tədqiqatçıları və həqiqətə maraq göstərən insanlar var idi».
O illərdə alban dilinə bir neçə nəşr, məsələn, «Allahın arfası» və «Arzuedilən hökumət» kitabları tərcümə edilmişdi. «Gözətçi qülləsi» jurnalının 1 dekabr 1925-ci il sayında deyilirdi: «[Alban dilində nəşrlərimiz] bir çox oxucularını tapıb və bu insanlar həqiqəti böyük sevinclə qəbul edirlər».
İnsanlar Yehovanın Şahidlərini «uncilore» (alban dilində «müjdəçilər» deməkdir) adlandırmağa başladılar, çünki onlar fəal şəkildə təbliğ edirdilər. 1930-cu ildə vəftiz olunan Naşo Dori xatırlayırdı: «1935-ci ildə biz avtobus icarəyə götürüb Kelsyura şəhərinə təbliğə yollandıq. Bundan sonra biz Albaniyanın digər şəhərlərinə — Permeti, Leskoviku, Erseka, Korça, Poqrades və Elbasan şəhərlərinə daha böyük təbliğ səyahəti təşkil etdik. Səyahətimiz İsa Məsihin ölümünü anma mərasimi ərəfəsində Tirana şəhərində bitdi».
1939-cu ildə faşist İtaliyası Albaniyanı işğal etdi və Yehovanın Şahidlərinin fəaliyyəti qadağan edildi. Bitərəflik məsələsi gündəmə gəldi, çünki İtaliya—Yunanıstan müharibəsi zamanı qardaşlar əllərinə silah almaqdan imtina edirdilər a. Həmin illərdə 15 qardaş həbsə məhkum edilmişdi. Nikodim Şiti qardaş həbs düşərgəsinə göndərmişdi və o vaxtdan ondan xəbər yoxdur.
İkinci Dünya müharibəsinin sonuna yaxın, 1944-cü ildə, Albaniyada hakimiyyət kommunist partiyasının əlinə keçdi. Təqiblər davam etdi. Bir çox dindaşlarımız həbs olundu və işgəncələrə məruz qaldı. Digərləri isə evlərindən uzaqda yerləşən əmək düşərgələrinə göndərildi. Uzun illər ərzində Albaniya bütün dünyadan təcrid edilmişdi. «Yehovanın Şahidlərinin illik fəaliyyəti—1959» kitabında (ing.) deyilirdi: «Bu ölkənin başçıları oradakı dindaşlarımızı yeni dünya cəmiyyətindən ayırsa da, Allahın müqəddəs ruhunun onlara təsir etməsinin qarşısını ala bilməzlər». 1967-ci ildə Albaniya özünü ilk ateist dövlət elan etdi. Orada yaşayan kiçik qrup Yehovanın Şahidi ehtiyatla ibadətlərini davam etdirirdi.
Kommunizmin süqutundan sonra 22 may 1992-ci il tarixində, 50 ildən çox sürən qadağadan sonra, ölkədə Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi.
Hal-hazırda Albaniyada 89 yığıncaqda 5550 Yehovanın Şahidi xidmət edir. Albaniyadakı dindaşlarımız kimi, biz də sevinirik ki, «Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həvarilərin işləri 19:20).
a İtaliya—Yunanıstan müharibəsi 28 oktyabr 1940-cı ildən 23 aprel 1941-ci ilədək davam etmişdi. Bu müharibə İkinci Dünya müharibəsinin Balkan kampaniyasının başlanğıcı oldu.