Kontentə keç

Baş konsul Tomas Pröpstl Simon Arnold Libster bacıya Almaniyanın Ləyaqət ordenini təqdim edir

24 YANVAR 2024
ALMANİYA

Almaniya gənclərə təlim vermə işinə görə Simon Arnold Libsteri ölkənin ən yüksək mükafatı ilə təltif edib

Almaniya gənclərə təlim vermə işinə görə Simon Arnold Libsteri ölkənin ən yüksək mükafatı ilə təltif edib

15 dekabr 2023-cü il tarixində Simon Arnold Libster bacı Almaniya Federativ Respublikasının Ləyaqət ordenini aldı. Bu orden çox sayda insana kömək edənlərə verilir. Bu mükafat Simona Fransanın Şamberi şəhərində keçirilən mərasim zamanı baş konsul Tomas Pröpstl tərəfindən verildi. İndi 93 yaşı olan Simon nasizmin və onun nifrət və zorakılıq ideologiyasına müqavimət göstərənlərin xatirəsini qorumaq üçün göstərdiyi səylərə görə tanınıb.

Bu günə kimi Simon 25 ölkədə auditoriya qarşısında çıxış edib. Tələbələr və müəllimlər də daxil olmaqla, 65 000-ə yaxın insan onun çıxışlarını dinləyib. Yaşlı olmasına baxmayaraq, videokonfrans vasitəsilə hələ də belə görüşləri davam edir. O, gənclərin suallarına cavab verir və onların yaşında olanda öyrəndiklərini onlarla bölüşür. Bu görüşlərdən birində iştirak edənlərdən biri belə deyir: «Simonu dinlədikdən sonra başa düşdüm ki, imanımız nə qədər möhkəm olsa, bir o qədər güclü olarıq».

Simon Arnold Libster videokonfrans vasitəsilə Koloradodakı (ABŞ) tələbələrlə danışır

Bu mükafatı təqdim edən zaman baş konsul Tomas Pröpstl qeyd edib: «Acılarla dolu həyat hekayənizi başqaları ilə bölüşməyin sizə verdiyi gücü görmək möhtəşəmdir. Siz həmişə bunu dürüstlüklə, nəvazişlə etmisiniz və ürəyinizdə gələcəkdə sülhün olacağına böyük ümid olub. Buna görə sizə hörmətim böyükdür».

Minlərlə digər Yehovanın Şahidləri kimi Simon və ailəsi də nasist rejimi altında amansız təqiblərə məruz qalıb. Simonun 12 yaşı olanda onu Almaniyanın Konstans şəhərində Von Vessenberqdəki islahedici müəssisəyə göndərdilər. Nasistlər onu öz rejimlərini qəbul etməyə məcbur etsələr də, bütün cəhdləri uğursuz oldu. Simon bitərəf qaldığı üçün onu alçaldırdılar, çox az yemək verirdilər, məcburi işlədirdilər və ona təxminən iki il danışmağı qadağan etmişdilər. O, həmin vaxtları xatırlayaraq belə deyir: «Yehova mənə dayaq oldu. Mən sədaqətimi qorudum».

Allahımız Yehovanı izzətləndirməyə davam edən Simonun bu sədaqət nümunəsi bizi çox ürəkləndirdi (Mətta 5:16).