22 FEVRAL 2021
ALMANİYA
Almaniyada nasizm rejiminə boyun əyməyən Yehovanın Şahidlərinin xatirəsi yad edildi
Baden-Vürtemberq ərazisinin (Almaniya) parlamenti hər il İkinci Dünya müharibəsi zamanı nasist rejiminin qurbanları olmuş insanların xatirəsini yad edir. 27 yanvar 2021-ci il tarixində keçirilən bu tədbir zamanı diqqət mərkəzində Yehovanın Şahidləri oldu. COVID-19 pandemiyasına görə tədbir onlayn formatda keçirildi. Tədbiri Avstriya, Almaniya, Niderland və İsveçrədən qoşulan 37 000-dən çox tamaşaçı izlədi. Proqramın yazısına isə sonradan təxminən 78 000 dəfə baxıldı.
Baden-Vürtemberq parlamentinin prezidenti Muhterem Aras qeyd etdi ki, «Yehovanın Şahidlərinin təqib olunduğunu təsdiq edən xeyli sənəd var... lakin geniş ictimaiyyətin bu təqiblərdən məlumatı çox azdır». O həmçinin izah etdi ki, tarixin o zülmət günlərində yaşamış Yehovanın Şahidləri «nifrət və qərəzlə üzləşdikdə və zorakılıq təhlükəsi yarandıqda insanın özünü necə aparmalı olduğuna dair gözəl nümunədir».
Xanım Aras Lörrax şəhərindən (Baden-Vürtemberq ərazisi) olan Anna Denz adlı bir Yehovanın Şahidinin hadisəsini qeyd etdi. Onun valideynləri həbs düşərgəsində həlak olmuşdu. Anna məktəbdə «Hayl Hitler» deməkdən imtina etmişdi. Dindaşlarının köməyilə o, İsveçrəyə qaçmağa müvəffəq olmuşdu. Bir müddət sonra Anna həyat yoldaşı ilə birgə ABŞ-a köçdü. Xanım Aras dedi: «Anna Denz cəsarətlə rejimə müqavimət göstərdi. İmanı ona güc verirdi».
Tarixçi Doktor Hans Hesse qeyd etdi ki, 1933-cü ildə nasistlər hakimiyyətə gələndən cəmi iki ay sonra Yehovanın Şahidləri Almaniya ərazisində qadağan edildi. Cənab Hesse tamaşaçılara izah etdi ki, bunun müqabilində qardaşlarımız «vərəqələr paylayır və təbliğ fəaliyyətlərini davam etdirirdilər».
Tarixçi qardaşımız Qustav Ştanqenin əhvalatını danışdı. Qustav əqidəsinə görə hərbi xidmətdən imtina etdiyinə görə məhkəmə qarşısına çıxarılmışdı. Məhkəmədə ondan soruşdular: «Hər kəs sənin kimi etsə, nə olacaq?» Qardaş cavab verdi: «Onda müharibə dərhal bitəcək».
Bu onlayn tədbir zamanı «Haydı, irəli, ey Şahidlər!» adlı nəğməmizin musiqisi səsləndirildi. Mərkəzi Avropa filialında Məlumat xidmətinin işinə rəhbərlik edən Volfram Slupina izah etdi ki, bu nəğmənin ilkin variantının sözlərini Erix Frost qardaş 1942-ci ildə Zaksenxauzen həbs düşərgəsində yazıb. O, peşəkar musiqiçi idi. Bir neçə onilliklər öncə verdiyi müsahibədə Erix qardaş demişdi ki, nəğmənin məqsədi eyni həbs düşərgəsində olan qardaşları ruhlandırmaq idi, çünki «düşərgədəki vəziyyət dözülməz idi».
Gənc Yehovanın Şahidləri olan 13 yaşlı Mara Kemper və onun 15 yaşlı qardaşı Finn nasistlər tərəfindən təqib olunan Simon Arnold Libster bacımızdan müsahibə götürdülər. Simon bacı uşaq ikən şiddətli sınaqlara dözmüşdü. Rejimə boyun əyməkdən imtina etdiyi üçün bacını islah məktəbinə göndərmişdilər. Bacı deyir ki, onu imandan döndərmək cəhdləri boşa çıxanda o, «böyük sevinc hiss etdi».
Necə də xoşdur ki, bu tədbir çoxlu sayda insana Yehova haqda böyük şahidlik verdi. Həqiqətən də, Yehova şiddətli təqiblər zamanı bizim dayağımızdır (İbranilərə 13:6).