Kontentə keç

Hermine Şmidt

18 APREL 2024
ALMANİYA

Hermine Şmidt. Nasist həbs düşərgəsinə düşmüş Yehovanın Şahidlərindən sağ qalan sonuncu dindaşımız 98 yaşında vəfat etdi

Hermine Şmidt. Nasist həbs düşərgəsinə düşmüş Yehovanın Şahidlərindən sağ qalan sonuncu dindaşımız 98 yaşında vəfat etdi

Hermine həbs düşərgəsinə göndərilməzdən bir qədər əvvəl

2024-cü il, martın 31-də bacımız Hermine Şmidt 98 yaşında vəfat etdi. O, imanına görə nasist həbs düşərgəsinə düşmüş Yehovanın Şahidlərindən ehtimal olunur ki, sağ qalan sonuncu dindaşımız idi.

Hermine 1925-ci ildə, noyabrın 13-də indiki Polşanın Qdansk şəhərində anadan olmuşdu. Onun valideynləri Koşmider Oskar və Frida Yehovanın Şahidləri idilər. Onlar qızlarında güclü iman və qətiyyət yetişdirə bilmişdilər. 1939-cu ildə nasist qoşunları Qdanskı ələ keçirəndə Yehovanın Şahidlərinə qarşı güclü təqib başladı. Bu vaxt Hermine həyatını Yehovaya həsr etdi və 1942-ci il mayın 2-də 16 yaşında vəftiz edildi.

Bir il sonra, 1943-cü ilin iyununda nasistlər 17 yaşlı bu bacımızı tutub həbs etdilər. 1944-cü ilin aprelində Hermineni yenidən tutdular. Bu dəfə onu Ştutthof həbs düşərgəsinə yolladılar. Bacımız o dəhşətli vaxtlarla bağlı demişdi: «Baş verənlər insan ağlına sığmır. Gestapo bizi alçaldırdı. Əzmimi sındırmaq üçün əlindən gələn hər şeyi edirdi. Bütün bunlar bizə dərin mənəvi yaralar vurdu. Amma adi cavan qız idim. Buna baxmayaraq, ürəyimdə şübhə yox idi. Nə etmək lazım olduğuna tam əmin idim. Söhbət Allaha sədaqətdən, vicdanımın qarşısında cavab verməkdən gedirdi. Vicdana uyğun hərəkət edəndə qəlbimiz sülhlə dolur: arxayın oluruq ki, düzgün davrandıq və Allahla dostluğumuzu qoruduq».

Horst və Hermine 1995-ci ilin mayında

Bir il sonra, 1945-ci ilin aprelində rus ordusu Ştutthof düşərgəsinə yaxınlaşdı. Alman SS əsgərləri bir çox dustaqları barjalara mindirib dənizin ortasına buraxdılar. Onlar düşünürdülər ki, rusların gəlib dustaqları azad etməyindənsə, onları dənizin ortasına atmaq daha yaxşıdır. Hermine ile birlikdə 370 nəfər xilas edildi. Onların barjasını 1945-ci ilin mayında Danimarkanın Men adasına dartıb çıxartdılar. Çox keçməmiş, Hermine ata-anasına qovuşdu.

1947-ci ildə o, Horst Şmidtlə ailə qurdu. Horst hərbi xidmətdən imtina etmişdi, Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunan vaxt Müqəddəs Kitaba əsaslanan nəşrlərin kuryeri kimi xidmət edirdi. Sonra o, ittiham olundu, ölümə məhkum edildi və Brandenburq-Görden həbsxanasına yerləşdirildi. Həbsxana Horstun edamından qısa vaxt öncə, 1945-ci il, aprelin 27-də müttəfiq qoşunlar tərəfindən azad edildi. Horst və Hermine təxminən 63 il evli idilər. Horst qardaş 2010-cu ildə vəfat etdi.

Horst və Hermine Şmidt ailəsi başlarına gələnləri illər boyunca ictimaiyyətə danışıblar. 1998-ci ildə verdikləri müsahibədə Hermine Allaha inamla yaşadığı həyatı barədə belə demişdi: «Bu yolda yerimək asan olmayıb, amma bu gözəl yoldu. Onu heç nəyə dəyişmərəm».

Biz Herminenin sınaq vaxtı göstərdiyi dözümə və sədaqətə görə çox minnətdarıq. Gəlin biz də onun imanını örnək alaq və cəsur, möhkəm olaq. Beləcə, Yehovanın öz sadiq bəndələrini həmişə xilas edəcəyinə əmin olacağıq (Zəbur 31:23, 24).