27 DEKABR 2022
ALMANİYA
Yehovanın Şahidləri Kusserovlar ailəsinin arxivini qaytarmaq üçün məhkəməyə şikayət verib
Yeni tapılmış dəlillər sübut edir ki, Annemarinin arxivi Yehovanın Şahidlərinə məxsusdur
jw.org saytında və «Nyu-York Tayms» qəzetində məlumat verildiyi kimi, Drezden şəhərində yerləşən Almaniya Federativ Respublikasının Hərbi Qüvvələrinin Hərbi Tarix Muzeyi bacımız Annemari Kusserovun vəsiyyətinə məhəl qoymayaraq onun arxivini qaytarmaqdan imtina edir. Amma bu yaxınlarda yeni dəlillər aşkar olunub. Ona görə də təşkilatımız muzeyə qarşı yeni şikayət vermək qərarına gəldi.
Yeddi il ərzində Yehovanın Şahidləri muzeylə sülh yolu ilə razılığa gəlməyə çalışırdı. Amma razılığa gəlmək mümkün olmadığı üçün təşkilatımız məhkəməyə şikayət verdi. Əfsuslar olsun ki, 2021-ci ildə məhkəmə şikayətimizi təmin etmədi və muzeyin arxivi qanuni yolla əldə etdiyini qərara aldı.
Tarixi xəzinə
26 yaşı olanda Annemari Holokost dövründə yaşamış Yehovanın Şahidləri ilə bağlı materialları məqsədyönlü şəkildə toplamağa başladı. O, 2005-ci ildə vəfat edənə qədər, bəzən hətta həyatını təhlükəyə ataraq 65 ildən çox onları qorudu. Onun gələcək nəsillər, xüsusilə də Yehovanın Şahidləri üçün qoruyub saxladığı materiallar beynəlxalq səviyyədə tarixi xəzinə hesab olunur.
Annemari istəyirdi ki, mümkün qədər çox insan, həm Yehovanın Şahidləri, həm də başqaları onun ailəsinin illər ərzində Yehovaya sədaqətini necə qoruduğu haqda öyrənsin. Əməyi hədər getməsin deyə, o, arxivi Yehovanın Şahidlərinin dini təşkilatına vəsiyyət etmişdi. Amma onun vəsiyyəti hələ də yerinə yetirilməyib.
1991-ci ildə Annemari və onun dörd bacı-qardaşının çəkildiyi «Bənövşəyi üçbucaq» sənədli filmi işıq üzü gördü. Həmin filmdə Kusserovlar ailəsinin nümunəsi əsasında Yehovanın Şahidlərinin əqidələrindən imtina edərək Hitlerə sədaqət andı içmədiklərinə görə nasistlər tərəfindən necə təqib olunduqlarından danışılır. Filmin kadrlarında Annemarinin topladığı sənədlər və fotoşəkillər də görünür.
Ölümündən bir qədər əvvəl verdiyi müsahibədə Annemari Gestapo tərəfindən necə həbs olunduğundan danışmışdı. Həbs olunanda az qalmışdı bacı bu dəyərli arxivindəki bəzi vacib materialları itirsin. O demişdi: «Dəhlizdə böyük portfel, altında isə məktublar və digər sənədlər var idi». Annemari portfelin içinə alma doldurmuşdu. O ümid edirdi ki, gestapoçular portfelin alma ilə dolu olduğunu görüb, onun altına baxmazlar. O öz-özünə demişdi: «Planım baş tutmasa, heç olmasa həbsxanada yeməyə nəyimsə olacaq». Xoşbəxtlikdən, onun planı işə yaradı.
Arxiv icazəsiz satılır
Annemarinin ölümündən qısa müddət sonra arxiv onun evindən yoxa çıxdı. Sonradan məlum oldu ki, Annemarinin həmin vaxt artıq Yehovanın Şahidi olmayan bir qardaşı onun arxivini muzeyə satıb. Annemari qardaşına arxivi satmağa icazə verməmişdi. Həmin qardaşı artıq həyatda yoxdur.
Məhkəmənin arxivin muzeydə qalması haqda qərarı Annemarinin vəsiyyətini bilən Kusserovlar ailəsinin üzvlərini şoka saldı. Həmin vaxtdan nasistlərin təqibinə məruz qalmış ailə üzvləri, dostları və digər Yehovanın Şahidləri muzeyə nəzarət edən Müdafiə Nazirliyinə yüzlərlə məktub yazıb. Onlar xahiş ediblər ki, Annemarinin vəsiyyət etdiyi arxiv Yehovanın Şahidlərinə qaytarılsın.
Nadir sənədlər
Nadir sənədlərdən biri Annemarinin qardaşı Vilhelmin yazdığı vida məktubudur. O bu məktubu 26 aprel 1940-cı ildə ölümündən bir qədər əvvəl yazmışdı. Yehovanın Şahidi olduğu üçün o, hərbi xidmət keçməkdən imtina etmişdi və bu səbəbdən nasistlər onu ölümə məhkum etmişdilər.
Vilhelm məktubunda yazmışdı: «Əziz ailəm, mənim üçün nə qədər dəyərli olduğunuzu bilirsiniz. Ailəlikcə çəkdirdiyimiz şəklə baxanda buna hər dəfə əmin oluram. Evimizdə hamı can deyib, can eşidirdi. Bununla belə, Ağamız İsa Məsihin dediyi kimi, biz hər şeydən əvvəl Allahı sevməliyik. Əgər sadiq qalsaq, O bizi mükafatlandıracaq». Aprelin 27-i səhər Vilhelmi güllələdilər. Onun 25 yaşı var idi.
Annemarinin valideynləri Frans və Hildanın 11 uşağı var idi. Vilhelm kimi Frans və onun digər oğulları da müharibəyə getməkdən imtina etdikləri üçün həbs olunmuşdular. Azyaşlı uşaqlarını «Hayl Hitler» demədikləri üçün valideynlərindən ayırıb əvvəlcə islah məktəbinə göndərdilər, sonra isə başqa ailənin himayəsinə verdilər.
Hərbi tribunal qarşısına çıxarılan Annemarinin digər qardaşı Volfqanq Kusserov demişdi: «Mən Yehovanın Şahidi kimi Allahın Kəlamına uyğun tərbiyə almışam. Allahın bəşəriyyətə verdiyi ən böyük əmrdə deyilir: “Allahı hər şeydən çox, başqasını isə özünü sevdiyin kimi sev”. Digər əmrdə isə deyilir: “Adam öldürməyin”. Allah bu əmrləri ağaclara verməyib ki?!»
28 mart 1942-ci ildə 20 yaşlı Volfqanqı boynunu vurub edam etdilər.
İman nümunəsi
Annemari və onun ailəsi imanlarına və nasist rejimini dəstəkləmədiklərinə görə çoxlu əziyyətlərə qatlaşdılar. Ailənin bəzi üzvləri müharibədə iştirak etməkdən imtina etdikləri üçün hətta həyatlarını itirdilər. Onlar ümumilikdə 47 il həbsdə oldular.
Arxivdəki materiallar bizə ailənin güclü imanını görməyə kömək edir. Buradan görünür ki, Allaha iman amansız təqiblər və hətta ölüm qarşısında insana güc verir. Ona görə də arxivdəki materiallar yalnız Yehovanın Şahidlərinin muzeylərində nümayiş etdirildiyi təqdirdə onların əsl dəyərini görmək olar.
2022-ci ilin oktyabr ayında Frans və Hildanın sağ qalan axırıncı uşağı Paul-Qerhard Kusserov öldü. O ümid edirdi ki, Hərbi Tarix Muzeyi bacısının vəsiyyətini yerinə yetirəcək və öldüyü günədək bunun üçün əlindən gələni edirdi. O deyirdi: «Mənim qardaşlarım hərbi xidmətdən imtina etdiklərinə görə öldürüldülər. Ona görə də hesab edirəm ki, ailəmizin arxivinin hərbi muzeydə saxlanılması düzgün deyil».
Yehovanın Şahidləri onun sözləri ilə tam razıdır. Biz hesab edirik ki, muzeyin Annemarinin vəsiyyətinə məhəl qoymaması açıq-aydın ədalətsizlikdir. Kusserovlar ailəsinin istəyinə keçmişdə nasional-sosializm dövründə hörmət qoyulmadığı kimi, indi də hörmət qoyulmur.
Əfsuslar olsun ki, muzey arxivdəki materiallara dəyər vermir. 1000-dən çox materialın yalnız 6-sı muzeydə nümayiş etdirilir, qalanları isə muzeyin arxivində saxlanılır.
Dua edirik ki, məhkəmə arxivin Yehovanın Şahidlərinə qaytarılması barədə qərar qəbul etsin (Luka 18:7).