Kontentə keç

7 APREL 2014-CÜ İL
ALMANİYA

Alman həbs düşərgələrində yatmış Rixard Rudolf 102 yaşında vəfat edib

Alman həbs düşərgələrində yatmış Rixard Rudolf 102 yaşında vəfat edib

ZELTERS, Almaniya. 2014-cü il yanvarın 31-də beş alman həbs düşərgəsində yatmış və kommunizm rejimi dövründə həbsdə olmuş Rixard Rudolf adlı Yehovanın Şahidi vəfat edib. Onun 102 yaşı var idi.

1933-cü ildə nasistlər hakimiyyətə gələndə Yehovanın Şahidlərinin Almaniyadakı fəaliyyəti ölkənin bir çox yerlərində qeyri-qanuni elan edildi. Nəticədə, 11300-dən çox Yehovanın Şahidi həbsə atılmış, Rixard Rudolf da daxil olmaqla, 4200 nəfər həbs düşərgələrinə göndərilmişdi. 1500-ə yaxın insan həyatını itirmişdi. Nasist rejimi dövründə Rixard Rudolf 9 il həbsdə yatıb. Üstəlik, o, beş alman həbs düşərgəsində olub. Onların arasında qəddarlığı ilə tanınan Zaksenxauzen və Noyenqamme həbs düşərgələri də var idi. Bu düşərgələrdə 300000-dən çox adam yatıb və 140000-ə yaxın insan həyatını itirib.

Rixard Rudolf (damda, sağ küncün lap arxasında) 1940-cı ildə Noyenqamme həbs düşərgəsini tikməyə məcbur edilən məhbuslardan biri olub.

1944-cü ildə Rixard Rudolf Noyenqamme düşərgəsinin nəzdindəki Zalsgitter-Vatenştedt düşərgəsinə köçürülmüşdü. Onun dini etiqadları silah sursatının istehsalı ilə əlaqəli olan işlərin heç birini görməyə yol vermirdi. Buna görə onu edam etməklə hədələyirdilər. Lakin Rixard Rudolfun dini etiqadlarına heyran olan ürəyiyumşaq bir SS zabiti onu ərzaq daşıyan maşında gizlədərək həyatını xilas etmişdi.

İkinci Dünya müharibəsi bitəndən sonra Rixard Rudolf sonradan Almaniya Demokratik Respublikası (ADR) kimi tanınan sovet işğal zonasında Yehovanın Şahidi kimi öz fəaliyyətini davam etdirmişdi. 1950-ci ildə o, yenidən həbs edildi. Ümumilikdə, etiqadlarına görə Rixard Rudolf 20 ilə yaxın həbsdə olub.

Rixard Rudolf və onun həyat hekayəsini yazaraq mükafatla təltif olunan Anna-Jaklin Frizer.

Uzun illər ərzində Rixard Rudolf Müqəddəs Kitabdakı xoş xəbəri, eləcə də keçmişdə ayrı-seçkiliyin acı nəticələri barədə öyrəndiyi dərsləri başqaları ilə bölüşürdü. 2009-cu ildə Anna-Jaklin Frizer adlı bir tələbə Rixard Rudolfun həyat hekayəsini və ondan aldığı müsahibəni yazaraq prezidentin nəzdində keçirilən «Adi qəhrəmanlar» tarix müsabiqəsində iki mükafat uddu. Reynland-Pfalts torpağında o, birinci yerə çıxdı və dövlət mükafatı ilə təltif olunan üç tələbədən biri oldu.

Almaniyadakı Yehovanın Şahidlərinin nümayəndəsi Volfram Slupina deyir: «Rixard Rudolf bizim əziz dostumuz və həmimanlımız olmaqla yanaşı, tarixçilər üçün qiymətli məlumat mənbəyi idi. Onun möhtəşəm iman və cəsarət nümunəsi olan həyat yolu hamımız üçün nümunədir».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Almaniya: Volfram Slupina, tel.: +496483413110