Kontentə keç

Solda: Bacı-qardaşlar Anqolanın Luanda şəhərində keçirilən Beynəlxalq Luanda Yarmarkasında. Sağda: qardaş (ortada) köşkə yaxınlaşan ziyarətçilərə Müqəddəs Kitab dərslərinin necə keçirildiyini nümayiş etdirir

12 SENTYABR 2024
ANQOLA

Anqolada keçirilən Beynəlxalq Yarmarkada Müqəddəs Kitab dərslərinin necə keçirildiyi nümayiş edildi

Anqolada keçirilən Beynəlxalq Yarmarkada Müqəddəs Kitab dərslərinin necə keçirildiyi nümayiş edildi

2024-cü il iyulun 23-dən 28-nə kimi Anqolanın Luanda şəhərində 39-cu Beynəlxalq Luanda Yarmarkası keçirildi. Hər il keçirilən bu tədbirdə təxminən 1800 təşkilat və 100 000-ə yaxın ziyarətçi iştirak etmişdi. Yehovanın Şahidlərinin köşkündə doqquz dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər nümayiş etdirilmişdi. Ziyarətçilər köşkdə əyləşib Müqəddəs Kitab dərslərinin necə keçirildiyi ilə tanış ola bilərdilər. Yarmarkanın keçirildiyi müddətdə dərslərin necə keçirildiyi 227 dəfə nümayiş etdirilmiş və 100-dən çox insan təkrar söhbət üçün onlara ziyarət edilməsini istəmişdi.

Bir qadın köşkə yaxınlaşıb Müqəddəs Kitab haqda daha çox öyrənmək istədiyini dedi. Bacı ona Müqəddəs Kitab dərsi təklif etdi. Qadın çoxlu suallar verdi və Müqəddəs Kitabda gələcəklə bağlı yazılanlara xüsusi maraq göstərdi. İndi bacımız qadınla mütəmadi olaraq Müqəddəs Kitab dərsi keçir.

Bacı sensorlu ekrandan istifadə edərək ziyarətçiyə jw.org saytını göstərir

Başqa bir qadın Müqəddəs Kitab dərslərinin pulsuz keçirildiyini biləndə çox heyrətləndi. Bacımız izah etdi ki, məqsədimiz Allahın Padşahlığı haqqındakı xoş xəbəri mümkün qədər çox insanla bölüşməkdir. Bacımız öyrənəndə ki, qadın əvvəllər Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsi keçmişdi, ona «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərdi. Qadının xoşuna gəldi ki, ibadət evimizin qapıları hamıya açıqdır və o bu haqda daha ətraflı məlumat əldə etmək istədi.

Portuqaliyadan Anqolaya qonaq gəlmiş bir qadın yarmarkada Yehovanın Şahidlərini görəndə çox sevindi. Sən demə o, Yehovanın Şahidi olan qonşusu ilə tez-tez ruhani mövzularda söhbət edir. O dedi: «Sizin təşkilata heyranam və onun haqda daha çox şey bilmək istəyirəm». Qadın söz verdi ki, evinə qayıdanda qonşusuna Müqəddəs Kitabı öyrənmək istədiyini deyəcək.

Biz çox sevinirik ki, Anqolada bir çoxları Müqəddəs Kitaba maraq göstərir və Yehovanın Şahidlərinin «həyat suyunu havayı» götürmək təklifini sevə-sevə qəbul edirlər (Vəhy 22:17).