Kontentə keç

28 NOYABR 2019
ANQOLA

Kikonqo dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» buraxılıb

Kikonqo dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» buraxılıb

24 noyabr 2019-cu il tarixində Anqolada baş tutmuş xüsusi yığıncaqda Yehovanın Şahidləri kikonqo dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edib.

Bu tarixi tədbirə Anqolada fəaliyyət göstərən bütün kikonqodilli yığıncaqlar dəvət olunmuşdu. Elanı Anqola filial komitəsinin üzvü Metyu Steggel ölkənin Viana şəhərindəki Toplantı zalında toplaşmış 2053 nəfərin qarşısında səsləndirib.

Müqəddəs Kitabın bu tərcüməsi yeddi ilə ərsəyə gəlib. Əvvəllər qardaşlar portuqal dilində olan «Yeni Dünya Tərcüməsi»ndən, yaxud baha və çətin tapılan kikonqo dilindəki digər tərcümələrdən istifadə edirdilər.

Bu «Yeni Dünya Tərcüməsi» bir çox kikonqodilli təbliğçilər üçün doğma dillərində istifadə etdikləri ilk Müqəddəs Kitabdır. Tərcümə üzərində işləmiş tərcüməçilərdən biri deyib: «Şübhə yoxdur ki, bu yeni tərcümə sayəsində indi bacı-qardaşlar Müqəddəs Kitabı daha yaxşı başa düşəcək və həqiqəti başqalarına daha aydın izah edəcək».

Anqoladakı kikonqodilli yığıncaqlarda 1524 təbliğçi xidmət edir. Hesablamalara görə, Anqolada bu dildə danışan insanların sayı iki milyondur.

Biz əminik ki, kikonqo dilində işıq üzü görmüş «Yeni Dünya Tərcüməsi» Yehovanın xidmətçilərinə Onun Kəlamına bütün qəlbləri ilə əməl etməyə kömək edəcək (Zəbur 119:34).