Kontentə keç

15 MAY 2024
ARGENTİNA

Argentinada Yehovanın Şahidlərinin nasistlər tərəfindən təqib olunmaları haqda sərgi təşkil olunub

Argentinada Yehovanın Şahidlərinin nasistlər tərəfindən təqib olunmaları haqda sərgi təşkil olunub

2024-cü il aprelin 3-ü Buenos-Ayresin (Argentina) Holokost muzeyində «Bənövşəyi üçbucaq: cəsarət və dözüm hekayəsi» adlanan müvəqqəti sərgi açılıb. Sərgi 2024-cü ilin avqustun 4-nə kimi fəaliyyət göstərəcək.

Bitərəf mövqelərinə görə 16 000 Yehovanın Şahidi nasistlər tərəfindən təqib olunmuşdu. Təxminən 4500 nəfər həbs düşərgəsinə göndərilmiş, 1750 nəfər isə həyatını itirmişdi. Düşərgələrdə Yehovanın Şahidləri geyimlərinin üzərindəki bənövşəyi üçbucaqla seçilirdilər.

Üç hissədən ibarət olan bu sərgidə o dövrdə baş verənləri bilən insanların həyat hekayələrindən və tarixi məlumatlardan istifadə olunub ki, ziyarətçilər nasist rejimi altında olan ölkələrdə Yehovanın Şahidlərinin necə şücaətlə bitərəfliklərini qoruduqlarını görsünlər. Sərgidə Argentina jest dilində, ingilis və ispan dillərində audiobələdçilər, sensor ekranlar və çoxlu sayda videolar var. Üstəlik, orada ziyarətçilərə kömək edən bələdçilər var.

Solda: Bələdçi sərgiyə gələn ziyarətçilərə kömək etmək üçün sensorlu ekrandan istifadə edir. Ortada: Ziyarətçi düşərgə geyiminin şəklini çəkir. Sağda: İki ziyarətçi audiobələdçidən istifadə edir

İspan dilinə tərcümə olunmuş sənəd. Sənəddə imanından imtina edib azadlığa çıxmaq təklif olunur

Həmçinin sərgidə Yehovanın Şahidlərinin əzmini sındırmaq üçün nasistlərin tərtib etdiyi sənədin nüsxəsi göstərilir. Nasistlər bacı-qardaşları Yehovadan və Onun xalqından imtina etdiklərinə dair sənədi imzalamağa məcbur edirdilər. Sənədi imzalasaydılar, azadlığa buraxılacaqdılar. Tək-tük Yehovanın Şahidi bu sənədi imzalamışdı. Həmin dövrdə Yehovanın Şahidi olmağın nə demək olduğunu başa düşmək üçün sənədin nüsxəsi ziyarətçilərə verilirdi. Onlar təşviq olunurdular ki, sənədi imzalamaqdan imtina etməyin nə dərəcədə cəsarət və güc tələb etdiyi haqda düşünsünlər.

Holokost üzrə tədqiqatçı professor İzabel Börnstayn sərgini ziyarət edəndən sonra bölüşür: «Bu sərgi ziyarətçilərə göstərir ki, Yehovanın Şahidləri əqidələrindən dönməmək və düzgün hesab etdikləri şeyləri seçmək üçün necə mübarizə aparıblar... İnsanların nəyin düzgün olduğuna dəyər vermədiyi bir dünyada onların hekayələri bizi dəyərli şeyləri müdafiə etməyə təşviq edir».

Sərgidə bələdçi kimi kömək edən dindaşlarımız

Açılışından indiyədək sərgi 8400-dən çox ziyarətçi qəbul edib. Yehovanın Şahidlərinin Argentinadakı nümayəndəsi Markos Donadio qardaş deyir: «Bu sərgi sayəsində Yehovanın Şahidlərini tanımayanların nəzərində tariximiz və inanclarımız barədə daha aydın təsəvvür yaranacaq. Sevincimiz dolub-daşır. Ümid edirik ki, daha çox insan bu sərgini ziyarət edəcək».

Şadıq ki, belə bir sərgi baş tutub. O bizə Yehovanın xalqının cəsarətini və sədaqətini nümayiş etdirir. Qoy onların nümunəsi bizi sonadək möhkəm qalmağa təşviq etsin (1 Korinflilərə 1:8).