29 AVQUST 2023
ARGENTİNA
Argentinada keçirilən FIFA U-20 dünya çempionatında ictimai şahidlik
20 may—11 iyun 2023-cü il tarixlərində Argentinanın dörd böyük şəhərində FIFA U-20 dünya çempionatı keçirildi. Üç həftə davam edən çempionatda 400 000-dən çox yerli və əcnəbi ziyarətçinin iştirak etdiyi təxmin edilir. Ayrı-ayrı yerlərdə müxtəlif vaxtlarda ədəbiyyat arabaları quraşdırılmışdı. Təxminən 500 bacı-qardaş ictimai şahidlik işində kömək etdi və 500-dən çox nəşr paylanıldı. Bacı-qardaşlar maraqlananları suallarına cavab tapmaq üçün jw.org saytını ziyarət etməyə yönəltdi.
Həmin ərazidə yaşayan bir kişi ədəbiyyat arabasına yaxınlaşaraq dindaşlarımıza bildirmişdi ki, idman edərkən audioları dinləməyi çox sevir. Qardaşlardan biri ona jw.org saytını göstərib, nəşrlərimizin audiosunu yükləməyi izah etdi. Həmin kişi demişdi ki, nəşrlərimizin audiosunu öz pleylistinə daxil edəcək.
Daha çox əcnəbinin diqqətini çəkmək üçün ədəbiyyat arabalarına doqquz dildə nəşrlər yerləşdirilmişdi. Üstəlik, təbliğçilərin çoxu müxtəlif dillərdə salamlaşmağı və bir neçə sadə fikir bildirməyi öyrənmişdi ki, ədəbiyyat arabalarına yaxınlaşanlarla danışa bilsinlər. İctimai şahidlik işində kömək edən qardaşlardan biri demişdi: «Müxtəlif ölkələrdən olan insanlara xoş müjdə vermək üçün görülən bu iş məni əmin etdi ki, Yehova xeyirxah və ayrıseçkilik etməyən Allahdır. Bu ürəyimi fərəhlə doldurur».
Maraqlıdır ki, tədbirin təşkilatçıları təhlükəsizliyi təmin etmək məqsədilə iştirakçıların toplaşmasına izin vermədikləri yerlərdə Yehovanın Şahidlərinə ədəbiyyat arabalarını qurmağa icazə vermişdilər. Təşkilatçılardan biri bu qərar barədə demişdi: «Bilirik ki, Yehovanın Şahidləri sülhpərvərdirlər və heç bir təhlükə yaratmırlar». Beləcə, təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxşı şahidlik verilmişdi.
Yehovanın xidmətçilərinin hər cür insana təbliğ etmək və Padşahlıq haqda toxumu bütün dünyaya səpmək üçün əlindən gələni etdiyini görmək ürəyimizi dağa döndərir (Vaiz 11:6).