30 İYUN 2023
ARGENTİNA
Argentinada viçi dilində keçirilən ilk rayon toplantısı
7 may 2023-cü ildə viçi dilində rayon toplantısı keçirildi. İlk dəfə idi toplantının bütün proqramı viçi dilində idi. İştirakçılar Argentinanın Tartaqal (Salta) şəhərindəki ibadət evində keçirilən «Sülhsevər insanlar» adlı toplantıya qulaq asmaq üçün gəlmişdilər. Həmçinin görüşə Argentinanın üç ucqar ərazisindən videokonfrans vasitəsilə qoşulanlar var idi. Ümumilikdə görüşə 169 nəfər qulaq asdı. İki nəfər vəftiz olundu.
Viçi xalqı, əsasən, Argentinanın şimal-qərbində və Boliviyanın cənub-şərqində yaşayır. Təxminən on il ərzində burada iki yığıncaq, üç qrup və altı yarımqrup təşkil olunub. Bu yığıncaq və qruplarda ana dili viçi dili olan 45 təbliğçi var, üstəlik bir çox təbliğçilər viçi dilini öyrənib.
Toplantıda iştirak edənlərin çoxu ucqar ərazidə yaşayırdı. Paulino adlı yaşlı bir qardaş yaşadığı yerdən Tartaqala 455 kilometr yol qət etmişdi. Proqrama qulaq asmaq üçün o, avtobusla 12 saat yol gəlmişdi. Görüşdən sonra o demişdi: «Doğma dilimizdə hazırlanmış proqrama baxa bilməyimiz üçün qardaşlar çox zəhmət çəkiblər. Bu tədbirə görə Yehovaya minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm».
Gələnlərin bəziləri ilk dəfə idi Yehovanın Şahidlərinin rayon toplantısında canlı iştirak edirdi. Viçidilli Deliya adlı bir qadın Müqəddəs Kitabı COVID-19 pandemiyası zamanı öyrənməyə başlamışdı. Toplantıda iştirak etmək üçün o, iki azyaşlı uşağı ilə piyada bir saat yol gəlmişdi. Toplantıda Deliya üçün ən yadda qalan hadisə onunla Müqəddəs Kitabı öyrənən bacı ilə ilk dəfə üz-üzə görüşməsi oldu.
Viçi dilində keçirilən bu ilk toplantının bacı-qardaşlara yaşatdığı sevinc sübut edir ki, Yehova sadiq bəndələrini ucaldır (Zəbur 4:3).