Kontentə keç

Solda: Sesiliya Alvaresin 10 yaşında keçirdiyi 17-ci əməliyyatından sonra qəzetdə çıxan şəkli; sağda: Sesiliya valideynləri və kiçik bacısı ilə birgə (may, 2019-cu il)

7 AVQUST 2019
ARGENTİNA

Sesiliya Alvares 25 il ərzində 43 dəfə qan köçürülmədən əməliyyat olunub

Sesiliya Alvares 25 il ərzində 43 dəfə qan köçürülmədən əməliyyat olunub

Argentinada yaşayan bacımız Sesiliya Alvares həyatı boyu səhhətindəki ciddi problemlərdən əziyyət çəkib. İlk əməliyyatını 16 günlük körpə ikən keçirib. 1994-cü il mayın 18-i Argentinadakı həkimlər Sesiliyanın onurğa və onurğa membranındakı qüsurları aradan qaldırıb. O vaxtdan bəri Sesiliya 25 il ərzində 42 ağır əməliyyat keçirib və onların əksəriyyəti uşaq ikən baş tutub. Sonuncu dəfə onun sol bud nahiyəsi əməliyyat olunub. Bu uğurlu əməliyyat zamanı, əvvəlki əməliyyatlar zamanı olduğu kimi, bacımıza qan köçürülməyib.

Beşyaşlı Sesiliya Xuan Qarraxan adına Uşaq Xəstəxanasında (1999-cu il)

Sesiliya deyir: «Bu qədər əməliyyat olunmaq, müalicə almaq çox çətindir». Bununla belə, o, nikbinliyini qorumağa çalışır və Yehovaya güvənir. Valideynlərinin köməyi ilə Sesiliya həkimlərin məsləhətlərinə əməl etməyə çalışır. O deyir: «Bədənimi əməliyyata hazırlamaq çox vacib mərhələlərdən biri idi. Mən qırmızı qan hüceyrələrini artıran yüksək dəmir tərkibli preparatlar və qida, eləcə də fol turşusu qəbul edirdim, eritropoietin müalicəsi alırdım».

Bu illər ərzində onu müalicə edən həkimlər barədə Sesiliya deyir: «Onların əməyini çox qiymətləndirirəm, yalnız həyatımı xilas etdiklərinə görə yox, həm də qanköçürməyə dair mövqeyimə hörmət etdiklərinə görə».

Təqaüdə çıxmış onurğa patologiyaları üzrə həkim Ernesto Bersuski

Həkimlər, öz növbəsində, ona və ona kömək edən qardaşlara hörmət etdiklərini bildirmişlər. Sesiliyanın onurğası üzərində bir neçə böyük əməliyyat aparan Buenos-Ayresdəki Xuan Qarraxan adına Uşaq Xəstəxanasının Onurğa Patologiyası Şöbəsinin sabiq baş həkimi Ernesto Bersuski xatırlayır: «Sesiliyanı müalicə etdiyim müddətdə onun nə dərəcədə qətiyyətli olduğuna və etiqadlarını necə də aydın izah etdiyinə fikir vermişdim. Onunla növbəti əməliyyatın necə keçəcəyi haqda xeyli söhbətlərimiz olub, əməliyyatların necə keçəcəyini izah etmişəm və əmin etmişəm ki, bu zaman qandan istifadə olunmayacaq».

Doktor Süzana Tsiruti, vəkil və bioetika üzrə mütəxəssis

Xuan Qarraxan adına Uşaq Xəstəxanasının Bioetika Komitəsinin üzvü və vəkili doktor Süzana Tsiruti qeyd edir: «Yehovanın Şahidləri ilə tibbi heyət arasında gözəl əməkdaşlıq var idi. Yehovanın Şahidləri ilə işlədiyimiz müddət ərzində bu məsələyə münasibətimizin dəyişməsi ilə yanaşı, müalicə üsullarımız xeyli qabağa getdi və biz xəstələri qan köçürmədən müalicə etməyi öyrəndik».

Peşəkar həkimlərindən başqa, Sesiliya bu uğurda payları olan dindaşlarının dəstəyini də qiymətləndirir: «Xəstəxanalarla əlaqə komitəsinə və Xəstələrə ziyarət qrupuna da ürəkdən minnətdaram. Onların fədakarlığı, eləcə də ailə və başqa məsuliyyətlərinin olmasına baxmayaraq həmişə köməyə gəlməyə hazır olmaları mənim üçün çox dəyərlidir».

Daima ağrı hiss etməsinə və əlil arabası ilə hərəkət etmək məcburiyyətində olmasına baxmayaraq, 25 yaşlı Sesiliyanı hamı nikbin insan kimi tanıyır. O deyir: «Mən inanıram ki, bu çətinliklər mənə bir insan kimi yaxşılaşmağa və Məsihə xas olan xüsusiyyətlərə yiyələnməyə kömək edib».

Sesiliya öncül bacı ilə xidmətdə

Sesiliya davam edir: «Bir əməliyyatdan sonra Xəstəxanalarla əlaqə komitəsinin üzvü mənə baş çəkib Məsəllər 10:22 ayəsini oxudu: “Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən. O, bu bərəkətə kədər qatmaz”. Bu ayə həmişəlik ürəyimə və ağlıma həkk olundu».

2019-cu il may ayının 1-i bacımız Sesiliya xüsusi xeyir-dua aldı: o, öncül təyin olundu. Bəli, Yehova əziz bacımıza beləcə təsəlli verib möhkəmləndirdi. O, Müqəddəs Kitabın verdiyi gözəl ümidi başqaları ilə sevinclə bölüşür.

Biz əminik ki, Yehova Sesiliya bacımıza təsəlli verdiyi kimi, bizə də hər dərdimizdə təsəlli verməyə davam edəcək (2 Korinflilərə 1:4).