25 FEVRAL 2020
ARGENTİNA
Argentina filialında yeni muzey fəaliyyətə başlayıb
Yehovanın Şahidlərinin Buenos-Ayresdə yerləşən Argentina filialında 2019-cu il dekabrın 11-i yeni muzey açılıb. Muzeydə «İman örnəkləri» və «Sənin sözün əbədi qalar» mövzusunda iki sərgi nümayiş etdirilir.
«İman örnəkləri» sərgisi Yehovanın Şahidlərinin Argentina və Uruqvaydakı tarixindən bəhs edir. 1920-ci illərdə bu ölkələrdə təbliğ işi başlayanda orada Yehovanın Şahidlərinin sayı çox az idi. Bizim günlərədək onların necə artdığından bəhs edən hissə sərginin özəlliklərindən biridir. Sərgidə həmçinin fəaliyyətimizin qadağa altında olduğu illərdə qardaşlarımızın necə xidmət etdiyi, məktəbli uşaqların məktəbdən xaric edildiyi, bitərəf mövqelərinə görə yüzlərlə gənc Şahidlərə uzunmüddətli həbs cəzaları təyin edildiyi vaxtlar göstərilir. Bu gənc qardaşların çoxu fiziki və psixoloji təzyiqlərə məruz qalmış, ən azı üç nəfər imanına görə həyatını itirmişdi.
«Sənin sözün əbədi qalar» sərgisində Müqəddəs Kitab kolleksiyası nümayiş etdirilir, həmçinin əsrlər ərzində Müqəddəs Kitabın ispan dilinə necə tərcümə edildiyi göstərilir. Kolleksiya 47 Müqəddəs Kitabdan ibarətdir. Onların arasında nadir tapılan dəyərli nüsxələr də var. Nümunə üçün 1630-cu ilin «Ferrara Müqəddəs Kitabı»nı gətirmək olar. Bu, Müqəddəs Kitabın bütöv Tövrat hissəsinin ispan dilinə edilən ilk tərcüməsidir. Kitabın titul vərəqində Allahın adı var. Kolleksiyanın digər incisi 1602-ci ilin «Reyna-Valera Müqəddəs Kitabı»nın ilk nəşridir. Bu tərcümədə də Tövrat boyunca Allahın adı Yehova istifadə olunur. «Reyna-Valera Müqəddəs Kitabı» ən çox istifadə olunan ispan tərcüməsidir.
Tarix ərzində Argentinaya başqa ölkələrdən çoxlu insan köçüb. Bu səbəbdən sərgidə 19-cu əsrdə Argentinaya gələn mühacirlərin danışdığı dillərdə dərc edilmiş Müqəddəs Kitablar da nümayiş etdirilir. Qonaqlar eksponatlar arasında erməni, xorvat, ingilis, alman, ivrit, macar, irland, italyan, portuqal və uels dillərində Müqəddəs Kitablar görə bilər.
Muzey kolleksiyasına həmçinin Argentinada tərcümə olunmuş Müqəddəs Kitablar da daxildir. Bunlar Pablo Bessonun 1919-cu ilin «Nuevo Testamento» («Əhdi-Cədid») kitabı, eləcə də yerli xalqların dillərinə edilmiş müasir tərcümələrdir, məsələn, çorote, mapudunqun, mokovi, pilaqa, toba-del-oeste, toba-kom və uiçi.
Argentina filialında xidmət edən Timoteo Kostantino deyib: «Bu Müqəddəs Kitabları sərgi üçün təqdim etmiş hər kəsə minnətdarıq. Bu muzey sayəsində həm yerli, həm xarici qonaqlar zəngin ruhani mirasımız barədə çox şey öyrənirlər».