Kontentə keç

Solda: Rəhbərlik Şurasının üzvü Kenet Kuk çəkiliş meydançasında çalışanları ruhlandırmaq üçün nitq söyləyir. Yuxarıda sağda: Qapalı məkanda çəkiliş aparılır. Aşağıda sağda: Açıq havada çəkiliş aparılır

26 AVQUST 2022
AVSTRALİYA

«İsa Məsihin xidməti» silsilə videoları. 1-ci epizodun ilk mərhələsi tamamlandı

«İsa Məsihin xidməti» silsilə videoları. 1-ci epizodun ilk mərhələsi tamamlandı

2022-ci il avqustun 12-i «İsa Məsihin xidməti» silsilə videolarının 1-ci epizodunun ilk mərhələsinin çəkilişi yekunlaşdı. Bir qədər fasilədən sonra ikinci mərhələnin çəkilişinə başlanılacaq və 2022-ci ilin oktyabrında tamamlanacaq.

Xəbər verildiyi kimi «İsa Məsihin xidməti» silsilə videolarının çəkilişinə 20 may 2022-ci ildə başlanılmışdı. Əvvəl-əvvəl qardaşlar qapalı çəkiliş meydançalarından istifadə etdilər. Çünki həmin vaxt əlavə tikililərin və açıq səma altında çəkiliş meydançasının istifadəsi ilə bağlı sənəd işləri hələ yekunlaşmamışdı. İcazə ilə bağlı sənəd işləri iyulun 15-i 2022-ci ildə tamamlandı. Avstralaziya filialının İnşaat şöbəsi Regional video heyətin çəkiliş aparması üçün bütün tikililəri və meydançaları tam hazırlayıb təhvil verdi.

Regional video heyətin işi üçün ayrılan bina. Binada mətbəx, yemək və iş otağı, bərbərxana və qrim otağı yerləşir. Binanın yanında çəkilişdə istifadə ediləcək heyvanların saxlanılması üçün ağıl düzəldilib

Çəkiliş meydançaları 7000-dən çox kvadrat metr ərazini əhatə edir. Bunların tikilib ərsəyə gəlməsində Avstraliyadan və Yeni Zelandiyadan gəlmiş 500-dən çox könüllü iştirak etmişdi. Tikinti komitəsinin koordinatoru Rassel Qriqorceviç bu layihə ilə bağlı deyir: «Çoxlu çətinliklərlə üzləşsək də, biz çox aydın şəkildə görürdük ki, Yehovanın köməyilə bunların öhdəsindən gəlirik. Əlbəttə ki, nail olduğumuz bütün işlər Yehovanın ruhu sayəsindədir».

Təlim komitəsinin köməkçisi Ronald Körzan çəkilişlərin birinci mərhələsinin böyük bir hissəsində iştirak etmişdi. O deyir: «Tikintidə iştirak edən könüllülərlə Beytel ailəsinin arasında olan əməkdaşlığı və yoldaşlığı görmək çox xoş idi. Bir neçə il çəkən planlaşdırma işlərindən və tikintidən sonra çəkiliş meydançalarının tam şəkildə istifadə olunduğuna şahid olmaq möhtəşəm bir hissdir. Filialın nəzdində olan ərazilərdəki bacı-qardaşlar bu layihə üçün əllərindən gələn köməyi əsirgəməyiblər. Bu, adama dərin təsir bağışlayır. Biz əminik ki, İsanın həyatı və təlimləri haqda olan bu 18 epizodlu silsilə videolar insanların ürəyini riqqətə gətirəcək».

Rəhbərlik Şurasının üzvü Kenet Kuk 1-ci epizodun ilk mərhələsinin son çəkiliş günlərində orada idi. O deyir: «Gün kimi aydındır ki, Yehova bu layihəni dəstəkləyir. Biz Yehovaya minnətdarıq, eləcə də bacı-qardaşlara. Onlar çəkiliş meydançalarının hazırlanmasında və videoların çəkilişində ürəkdən çalışıblar və böyük fədakarlıq göstəriblər. Dua edirik ki, bu silsilə videolar insanlara İsanın nümunəsini daha yaxşı izləməyə və Yehovaya yaxınlaşmağa kömək etsin».

 

Qədim dövrə uyğun dekorasiya olunmuş çəkiliş meydançasının girişi

Qədim dövrə uyğun dekorasiya olunmuş çəkiliş meydançasının bir hissəsinin yuxarıdan görünüşü

Çəkiliş meydançasında heyvanlar üçün hazırlanmış ağıl (ön planda)

Bazar meydanı

Hökumət binası