Kontentə keç

29 OKTYABR 2019
AZƏRBAYCAN

AİHM Azərbaycandan olan beş Yehovanın Şahidinin xeyrinə qərar qəbul edib

AİHM Azərbaycandan olan beş Yehovanın Şahidinin xeyrinə qərar qəbul edib

17 oktyabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qət edib ki, Azərbaycanda əqidələrinə görə hərbi xidmətdən imtina edən qardaşlarımız cinayət məsuliyyətinə cəlb edilməməlidir. Qərar bir daha təsdiq edir ki, əqidəyə görə hərbi xidmətdən imtina edənləri cəzalandırmaq şəxsin vicdan, fikir və din azadlığı hüququnu pozur. Bu, Azərbaycandakı Yehovanın Şahidləri ilə bağlı AİHM-nın çıxardığı ilk qərardır.

Məhkəmə 2008—2015-ci illər ərzində verilmiş dörd ərizəni birləşdirərək bir qərar çıxarıb. Ərizələr beş qardaşla bağlı olub: Müşfiq Məmmədov, Samir Hüseynov, Fərid Məmmədov, Fəxrəddin Mirzəyev və Kamran Mirzəyev. Hər biri əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün məhkum edilərək həbs olunmuşdu. Məhkəmə qardaşların əqidəyə görə hərbi xidmətdən imtinasının «səmimi dini baxışlarından» irəli gəldiyi üçün Azərbaycanın öz hərəkətləri ilə Avropa İnsan Hüquqları Konvensiyasını pozduğunu müəyyən edib. Üstəlik, məhkəmə qeyd edib ki, alternativ xidmət yalnız din xadimləri və dini tədris müəssələrinin tələbələrinə verilməli deyil. Məhkəmə Azərbaycanın üzərinə dəymiş zərərə görə qardaşlarımıza təzminat ödəmək öhdəliyi qoyub.

Qərarda deyildiyi kimi, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda alternativ xidmət haqqında qanun qəbul etməyi rəsmi olaraq öz üzərinə götürmüşdü. Bundan əlavə, Azərbaycan Konstitusiyasına əsasən, birinin əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Lakin hökumət hələ də alternativ xidmət haqqında qanun qəbul etməyib və qardaşlarımız hələ də cinayət təqibinə məruz qalırlar.

Biz məhkəmənin qərarının Azərbaycan hökumətini mülki alternativ xidməti təqdim etməyə təşviq edəcəyinə ümid edirik. Dua edirik ki, Azərbaycandakı qardaşlarımız cəsarətlə Yehovaya xidmətlərini davam etdirsinlər (Zəbur 27:14).