27 FEVRAL 2020
AZƏRBAYCAN
AİHM Azərbaycanla əlaqədar iki qərar çıxarıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandakı Yehovanın Şahidlərinin din azadlığı ilə bağlı onların xeyrinə iki qərar çıxarıb. Ümid edirik ki, indi dindaşlarımız bütün ölkə ərazisində daha sərbəst ibadət edə biləcəklər.
Bunlar 20 fevral 2020-ci il tarixində «Nəsirov və başqaları Azərbaycana qarşı» (ərizə 2010-cu ildə Məhkəməyə təqdim edilib) və «Yehovanın Şahidləri dini icması Azərbaycana qarşı» (ərizə 2009-cu ildə Məhkəməyə təqdim edilib) işləri üzrə verilən qərarlardır. «Nəsirov» işi üzrə qərarında Məhkəmə bildirib ki, Azərbaycan 2010-cu ildə təbliğ xidmətində iştirak etdiklərinə görə Yehovanın Şahidlərini dəfələrlə saxlamaqla, təqsirli bilməklə və cərimə etməklə Avropa İnsan Hüquqları Konvensiyanın 5 və 9-cu maddələrini (şəxsin azadlığı və din azadlığı hüquqları) pozub. Mənəvi zərərin əvəzində Məhkəmə ərizəçilərin hər birinə 3235,80 ABŞ dolları (3000 avro), ümumilikdə isə 22650,60 ABŞ dolları (21000 avro) məbləğində təzminatın ödənilməsinə qərar verib. «Yehovanın Şahidləri dini icması» işi üzrə qərarında Məhkəmə müəyyən edib ki, Azərbaycan qardaşlara bəzi nəşrləri idxal edib yaymağa icazə verməməklə Konvensiyanın 10-cu maddəsini (fikri ifadə etmək azadlığı) pozub.
Bu işlərdə kömək edən vəkillərdən biri Ceyson Vayz qeyd edib: «Uzun illər ərzində Azərbaycandakı Yehovanın Şahidləri dini ədəbiyyat idxal etməkdə və yaymaqda müəyyən çətinliklərlə üzləşirdilər. İdxala məhdudiyyətlə əlaqədar çoxlu sayda məhkəmə işləri olub. Bundan əlavə, təbliğ xidmətində iştirak edən xeyli Yehovanın Şahidlərinin saxlanılması və tutulması ilə də əlaqədar məhkəmələr olub. AİHM-nın bu iki qərarı Azərbaycandakı Yehovanın Şahidləri ilə bağlı tarixi qərarlardır. “Yehovanın Şahidləri dini icması” işi üzrə qərarında Məhkəmə müəyyən edib ki, Yehovanın Şahidlərinin dini nəşrləri dini nifrətə və düşmənçiliyə təhrik etmir və hər hansı başqa problem yaratmır. “Nəsirov” işi üzrə qərarında Məhkəmə bildirib ki, dini ədəbiyyatı ictimai yerlərdə Yehovanın Şahidləri olmayanlar arasında paylamaq olar. Biz çox şadıq ki, Məhkəmə Azərbaycanda din və fikri ifadə etmək azadlıqlarını dəstəkləyib».
Nəsirov Famil deyib: «Əvvəllər ölkəmizdə çoxlu problemlərlə üzləşirdik. Polislərin bizi saxlayıb 4—5 saat sorğu-sual etməsi adi hal idi. Lakin Yehovanın dəstəyi və əziz qardaşlarımızın köməyi sayəsində bu kimi hallar artıq baş vermir və indi biz daha sərbəst təbliğ edirik».
Bu iki qərardan öncə də Azərbaycandakı dindaşlarımıza artıq daha çox din azadlığı verilirdi. Hökumət qardaşlara nəşrlərimizi idxal edib yaymağa icazə verirdi. 2017-ci ilin yanvar ayından etibarən yığıncaqlarda iştirak etdiyinə görə heç bir Yehovanın Şahidi cərimə olunmur. Hal-hazırda yığıncaq görüşləri Bakıda yerləşən üç ibadət evində, eləcə də ölkənin müxtəlif rayonlarında şəxsi evlərdə keçirilir. 2015-ci ildən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (ölkədə dini qurumların qeydiyyatı və digər məsələlərə baxan dövlət orqanı) köməyilə Yehovanın Şahidləri dini icması Azərbaycanda icarəyə götürülmüş məkanlarda Məsihin ölümünü anma mərasimini, regional və digər toplantılarını keçirir.
Hər iki müsbət qərara görə, eləcə də Azərbaycandakı bacı-qardaşlara daim dayaq olduğuna görə Yehova Allaha minnətdarıq (Zəbur 98:1).