Kontentə keç

29 SENTYABR 2020
AZƏRBAYCAN

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandakı Yehovanın Şahidlərinin xeyrinə iki qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandakı Yehovanın Şahidlərinin xeyrinə iki qərar çıxarıb

24 sentyabr 2020-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandakı Yehovanın Şahidlərinin xeyrinə iki qərar çıxarıb. Birinci qərar «Vəliyev və başqaları Azərbaycana qarşı», ikinci qərar isə «Yehovanın Şahidləri dini icması Azərbaycana qarşı» işi üzrə idi. Bu qərarlar bacı-qardaşlarımızın din azadlığı hüququnu daha çox qorumağa kömək edəcək.

Hər iki işdə Azərbaycan hökuməti bəyannamə ilə müraciət edərək dindaşlarımızın hüquqlarını pozduğunu etiraf edib və ümumilikdə onlara 19 000 avro (22 146 ABŞ dolları) təzminat ödəməyə razı olub. AİHM qərarlarında hökumətin bəyannamələrini qəbul etdiyini bildirib.

Qardaşımız Teymur Vəliyev şəxsi evdə yığıncaq görüşü keçirir

«Vəliyev və başqaları Azərbaycana qarşı» işi üzrə ərizə AİHM-ya 2011-ci ildə verilmişdi. Ərizə Gəncə şəhərindəki bacı-qardaşlarımızın hüquqlarının pozulması ilə bağlı idi. Gəncə hakimiyyət orqanları illərlə təşkilatımıza rəsmi qeydiyyat verməkdən imtina edirdi. Qeydiyyatın olmamasını əsas gətirərək hüquq-mühafizə orqanlarının əməkdaşları dinc dini görüşlərimizi müntəzəm şəkildə pozur, iştirakçıları həbs edir və məhkəmənin qərarı ilə bəziləri böyük məbləğdə cərimə olunurdu. Dəfələrlə təqsirli bilinən bir qardaşın cərimələrinin ümumi məbləği 9450 manat (11 375 ABŞ dolları) təşkil edirdi. Bəzi bacı-qardaşlar böyük məbləğdə cərimələri ödəyə bilmədiklərinə görə inzibati qaydada həbs olunmuşdular.

«Yehovanın Şahidləri dini icması Azərbaycana qarşı» işi üzrə ərizəni qardaşlarımız AİHM-ya 2013-cü ildə vermişdilər. Buna səbəb Azərbaycan hökumətinin idxal etdiyimiz ədəbiyyatın sayına məhdudiyyət qoyması idi.

Baxmayaraq ki, hökumət hələ də Gəncə şəhərində dini icmamızı qeydiyyatdan keçirməyib, vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Son illərdə bacı-qardaşlar kiçik qruplarla şəxsi evlərdə dövlət orqanlarının müdaxiləsi olmadan yığıncaq görüşləri keçirirlər. Bundan əlavə, nəşrlərimizi idxal etməzdən əvvəl dövlət orqanı onları hələ də ekspertizadan keçirsə də, qardaşlarımıza lazımi sayda ədəbiyyat idxal etməyə icazə verilir.

Azərbaycandakı Yehovanın Şahidləri ilə əlaqədar Məlumat xidməti ilə əməkdaşlıq edən Kirill Stepanov deyib: «Ümid edirik ki, AİHM-nın çıxardığı bu vacib qərar Gəncədə və Azərbaycanın digər şəhərlərində qeydiyyat məsələsini sürətləndirəcək və idxal etməzdən əvvəl nəşrlərimizin ekspertizadan keçirilməsi prosesi ləğv olunacaq».

Dəstəyinə görə Yehovaya ürəkdən minnətdarıq. Bu iki müsbət qərar bir daha ona dəlalət edir ki, Allahın xalqına «qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» (Əşiya 54:17).