20 OKTYABR 2022
AZƏRBAYCAN
Azərbaycan hökuməti AİHM-nın qərarlarını pozub və hərbi xidmətdən imtina etdiyinə görə Seymur Məmmədovu həbs edib
22 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Goranboy Rayon Məhkəməsi 22 yaşlı Seymur Məmmədovu əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün 9 ay müddətinə həbsə məhkum edib. Qərar elan olunandan sonra o, məhkəmə zalındaca həbs olunub. Bu hökm Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı çıxardığı iki qərarını birbaşa pozur.
2019-cu ildən bəri AİHM Azərbaycana qarşı iki qərar çıxarıb: «Məmmədov və başqaları Azərbaycana qarşı» və «Mehdiyev və Əbilov Azərbaycana qarşı». Hər iki iş üzrə məhkəmə qət edib ki, Yehovanın Şahidlərinin Avropa Konvensiyasının 9-cu maddəsinə əsasən, dini əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququ var.
Azərbaycan hökuməti AİHM qarşısında qardaşlarımızın hüquqlarını pozduğunu qəbul etmiş və dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Amma Seymur qardaşın hüquqlarını kobud şəkildə pozmaqla Azərbaycan hökuməti AİHM-nın bu qərarlarına zidd davranıb.
Seymur Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə ilk dəfə 4 may 2022-ci ildə çağırılmışdı. O, dövlət rəsmilərinə Müqəddəs Kitaba əsaslanan mövqeyini izah etmiş və mülki alternativ xidmət keçmək istədiyini bildirmişdi. Rəsmilər Seymurun müraciətini rədd etdilər. Təzyiqlərə baxmayaraq, Seymur öz mövqeyindən dönmədi.
Hal-hazırda Seymur qardaş Gəncə şəhərində həbsdədir. Çətin olsa da, Seymur müsbət əhval-ruhiyyəsini qoruyur. O deyir ki, həbsxanada təxminən 30 məhbusa imanı haqda danışıb və bəziləri Müqəddəs Kitab təlimlərinə maraq göstərib.
Seymurun vəkili apelyasiya şikayəti verib. Ümid edirik ki, Gəncə Apelyasiya Məhkəməsi ədalətli qərar çıxaracaq və qardaşımızı həbsdən azad edəcək.
Əminik ki, Yehova bu çətin sınaq zamanı Seymura dayaq olacaq (Əşiya 43:2).