Kontentə keç

Röyal Kərimov və Seymur Məmmədov. Azərbaycan

4 YANVAR 2023
AZƏRBAYCAN

Azərbaycanda Röyal Kərimov və Seymur Məmmədov həbsdən azad edildi

Azərbaycanda Röyal Kərimov və Seymur Məmmədov həbsdən azad edildi

Azərbaycanda Röyal Kərimov və Seymur Məmmədov həbsdən azad edildi. Hər iki qardaşımız əqidələrinə görə hərbi xidmətdən imtina edib.

Bundan öncə qeyd olunduğu kimi, Azərbaycandakı məhkəmələrdən biri Seymurun alternativ mülki xidmət keçməklə bağlı istəyini rədd etmişdi. 22 sentyabr 2022-ci il tarixində Seymur təqsirli bilinmiş və doqquz ay müddətinə həbsə salınmışdı. Bu qərar Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı iki qərarını birbaşa pozurdu. Seymurun vəkilləri qərarla bağlı şikayət ərizəsi verdi. 12 dekabr 2022-ci il tarixində Gəncə Apelyasiya Məhkəməsi həbs cəzasını şərti həbs cəzası ilə əvəz etdi. Seymur hal-hazırda azadlıqda olsa da, ədalətsiz qərarın və həbsin ləğvi üçün Azərbaycan Ali Məhkəməsinə müraciət edib. 

Həbsdə olduğu müddətdə Seymura Müqəddəs Kitab və məktublar verilməsi qadağan idi. O deyir: «Sonuncu məhkəmə dinləməsindən sonra bir kağız parçasına Yuşə 1:5, 6 ayələrindəki sözləri yazdım. Orda deyilir: “Necə ki Musaya arxa olmuşdum, sənə də arxa olacağam, səni heç vaxt atmayacağam. Cəsur və möhkəm ol!”». Həbs olunub həbsxanaya aparılandan sonra bu sözlər Seymura dözməyə güc verirdi. O deyir: «Bu sözlər mənim üçün hər günün ayəsi idi». 

Röyal Kərimov 30 may 2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə çağırılmışdı. Röyal əqidəsinə görə hərbi xidmətdən imtina etmiş və alternativ mülki xidmət keçmək istədiyini bildirmişdi. Amma onun istəyi rədd edilmişdi. 25 iyul 2022-ci il tarixində hərbi məmurlar tərəfindən həbs olunan Röyal 1 noyabr 2022-ci il tarixinə qədər qanunsuz şəkildə hərbi hissədə saxlanılmışdı. Röyal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin ona qarşı münasibəti ilə bağlı səlahiyyətli orqanların araşdırma aparması üçün müraciət edib. 

Röyal deyir: «Məni hərbi hissədən buraxmayacaqlarını deyəndə, qorxdum. Amma düşündüm ki, bu mənim iman sınağımdır».

Həbsdə olduğu müddətdə Röyalın bacısına onu ziyarət etməyə icazə verilmişdi. Bacısı ona Müqəddəs Kitab verə bilmişdi. Röyal deyir ki, bunun sayəsində ruhani cəhətdən möhkəm qala bilib. O deyir: «Hərdən ruhdan düşdüyüm anlar olurdu. Onda Yehova mənə yenidən qol-qanad verirdi, gücüm təzələnirdi. Müqəddəs Kitabı oxumaq və Yehovaya dua etmək mənə inanılmaz qəlb rahatlığı verirdi».

Bundan sonra da dua edəcəyik ki, Azərbaycan hökumətinin səlahiyyətli orqanları əqidəsinə görə hərbi xidmətdən imtina edən qardaşlarımızı həbs etməyi dayandırsın və bir çox ölkələrdə olduğu kimi, qardaşlarımıza alternativ mülki xidmət keçmək imkanı yaratsın (1 Timutiyə 2:1, 2).