4 FEVRAL 2022
AZƏRBAYCAN
BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycanda imanlarını bölüşdükləri üçün həbs olunan bacıların hüquqlarını müdafiə etdi
BMT-in İnsan Hüquqları Komitəsi (CCPR) 2021-ci ilin noyabr və dekabr aylarında Yehovanın Şahidlərinin dini etiqadlarını bölüşmək hüququnu dəstəkləyən iki qərar çıxardı. Hər iki iş müjdəni başqaları ilə bölüşdüklərinə görə Azərbaycanda həbs olunan bacılarla bağlı idi.
5 noyabr 2021-ci il tarixində komitə Qurbanova Mətanət və Muradhəsilova Səadətin təbliğ etmək hüququnu dəstəklədi. Bacılar 2014-cü ilin noyabr ayında polisə daxil olan anonim zəngdən sonra həbs edilmişdi. Onların hər biri 1500 manat (880 ABŞ dolları) məbləğində cərimə edilmişdi. Komitə bacıların həbs olunmasının qanunsuz olduğunu qət etdi və tələb etdi ki, Azərbaycan hökuməti bu kimi halların gələcəkdə baş verməsinin qarşısını alsın.
Həm də doğma bacı olan Mətanət və Səadət deyirlər: «Polis əməkdaşları və hakim ürəyimizə qorxu salmaq istəyirdilər, amma bu hadisə imanımızı möhkəmləndirdi. Yehova bir daha sübut etdi ki, Onun əli qısa deyil, O, xidmətçilərini nə vaxt və necə qoruyacağını bilir».
Buna bənzər 21 dekabr 2021-ci il tarixli ikinci qərarında da komitə müəyyən etdi ki, Azərbaycanda polis əməkdaşları Əzizova Ceyran və İsrafilova Gülnazı «hüquqi ünvandan kənarda dini fəaliyyətlə məşğul olduqlarına görə» həbs etməklə qanunu pozublar. Qərarında komitə təsdiq etdi ki, bacılar imanlarını bölüşməklə qanunsuz heç bir iş görməyiblər.
2016-cı ilin noyabr ayında Goranboy rayonuna dostlarıgilə qonaq gedən Ceyran və Gülnaz müjdəni başqaları ilə bölüşmüşdülər. Yerli məmurun bu barədə polisə şikayətindən sonra onlar həbs edildi. Bunun ardınca gələn məhkəmə iclasında hakim bacıları casusluq etməkdə ittiham etdi və hər birini 2000 manat (1176 ABŞ dolları) məbləğində cərimələdi. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxladı. Bacılar komitəyə şikayət etdilər.
Bu kimi müsbət qərarlar ən vacib işlə sərbəst şəkildə məşğul olmağımıza gözəl töhfədir. Müjdəni cəsarətlə təbliğ etməkdə gözəl nümunə qoyan bu cəsur bacılarımızın sevincinə biz də şərikik (Mətta 10:18).