Kontentə keç

28 MAY 2021
AZƏRBAYCAN

BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycandakı Yehovanın Şahidlərinin hüquqlarını müdafiə etdi

BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycandakı Yehovanın Şahidlərinin hüquqlarını müdafiə etdi

26 aprel 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Komitəsi «Əziz Əliyev və başqaları Azərbaycana qarşı» işi üzrə mühüm bir qərar verib. Dinc şəkildə ibadət etmək hüququmuzu müdafiə edən bu qərar Azərbaycandakı Yehovanın Şahidlərinin xeyrinə komitə tərəfindən çıxarılmış üçüncü qərardır.

İş Əliabad qəsəbəsində (Zaqatala rayonu) polisin keçirdiyi qanunsuz reyd ilə bağlı idi. 21 sentyabr 2013-cü il tarixində bir neçə nəfər Yehovanın Şahidi qardaşımız Əziz Əliyevin evində ibadət görüşü üçün toplaşmışdı. Bu zaman evə zorla polis əməkdaşları daxil oldu. Onlar evdə axtarış apardı, bacı-qardaşları təhdid etdi, onların nəşrlərini, hüquqi və tibbi sənədlərini və pullarını müsadirə etdi. Bundan sonra hamını polis şöbəsinə apardılar. Yolda Əliyeva Havvanın epileptik tutması oldu və o huşunu itirdi. Bunu görən polis onu xəstəxanaya aparmaq məcburiyyətində qaldı. Bacı özünə gələn kimi onu sorğu-sual üçün polis şöbəsinə apardılar.

Bir müddət sonra Zaqatala Rayon Məhkəməsi əksər bacı-qardaşımızı 1500 manat (o vaxt 1716 ABŞ dolları) məbləğində cərimə etdi. Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəstəklədi. Bütün daxili hüquqi-müdafiə vasitələrini tükəndirdikdən sonra qardaşlar BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət etdilər.

Komitə qərar verdi ki, Azərbaycan hökuməti qardaşlarımızın din azadlığı və özbaşına həbsdən müdafiə olunmaq hüququnu pozub. Komitə öz qərarında qeyd edib ki, Yehovanın Şahidləri hakimiyyət orqanları və polis tərəfindən pis rəftara məruz qalmışdı: polis «onları həbsə salacağı ilə hədələmiş, bəzilərini təhqir etmiş, dinini tənqid atəşinə tutmuş, bununla belə, onların dini mərasiminin və ya istifadə etdikləri dini nəşrlərinin kiməsə narahatçılıq törətdiyi və zərər vurduğu haqda heç bir məlumat verməmişdi». Komitə Azərbaycanı qardaşlarımıza təzminat ödəməyə və «gələcəkdə bu kimi pozuntu hallarının baş verməməsi üçün... milli qanunvericiliyini, normalarını və/və ya praktikasını nəzərdən [keçirməyə]» çağırıb.

Son illərdə Azərbaycandakı dindaşlarımız yığıncaq görüşlərini dövlət tərəfindən müdaxilə olmadan sərbəst şəkildə keçirə bilir. Allahımız Yehovaya ürəkdən minnətdarıq ki, müasir məhkəmələrdə həqiqət qanuni tanınır (Filippililərə 1:7).