5 YANVAR 2021
AZƏRBAYCAN
BMT-nin İnsan Hüquqları Komitəsinin Azərbaycana dair qərarları
15 dekabr 2020-ci il tarixindən BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycandakı Yehovanın Şahidlərinin növbəti iki işi üzrə onların xeyrinə qərar verib: «Rəhimə Hüseynova Azərbaycana qarşı» və «Saləddin Məmmədov, Rəşad Niftəliyev və Sədaqət Abbasova Azərbaycana qarşı». Hər iki iş üzrə qərarında komitə belə nəticəyə gəlib ki, dövlət Yehovanın Şahidlərinin hüquqlarını pozub və gələcəkdə bu kimi pozuntu hallarının baş verməməsi üçün Azərbaycan hökumətindən müəyyən qanunlara dəyişiklik etməyi xahiş edib.
«Rəhimə Hüseynova Azərbaycana qarşı»: Rəhimə Hüseynova Bakı şəhərində dini əqidəsini bölüşdüyünə görə 2014-cü ilin dekabr ayında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulmuşdu. Rayon məhkəməsinin qərarı ilə o, 1500 manat (882 ABŞ dolları) məbləğində cərimə edildi, çünki o vaxt Yehovanın Şahidlərinin Bakıda rəsmi qeydiyyatı yox idi a. Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişməz saxladı. Rəhimə bacı işi beynəlxalq məhkəməyə vermək qərarına gəldi.
BMT-nin İnsan Hüquqları Komitəsi qət etdi ki, dövlət Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 18.1 maddəsini pozub. Komitə Azərbaycan hökumətindən müvafiq təzminat ödəməyi tələb etdi. Maraqlıdır ki, dərc edilmiş rəyində komitə həm də bildirib: «Gələcəkdə bu cür halların baş verməməsi üçün [Azərbaycan hökuməti] bütün lazımi tədbirləri görməlidir, o cümlədən daxili qanunvericiliyinə, normativ aktlara və/və ya praktikasına dəyişikliklər etməlidir ki, MSHBP-nın 18-ci maddəsi ilə zəmanət verilən hüquqların qorunması tam təmin olunsun».
«Saləddin Məmmədov, Rəşad Niftəliyev və Sədaqət Abbasova Azərbaycana qarşı»: Gəncə şəhərində bir qrup Yehovanın Şahidi Müqəddəs Kitabı araşdırmaq üçün Saləddin Məmmədovun evində toplaşmışdı. 2014-cü ilin oktyabr ayında polis yığıncaq zamanı onun evinə reyd keçirdi, orada axtarış apardı, Müqəddəs Kitabları və digər əşyaları müsadirə etdi. Saləddin, Rəşad və Sədaqəti polis bölməsinə apardılar və altı saatdan çox orada saxladılar. İki gündən sonra onları Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə çağırdılar. Məhkəmə qərara aldı ki, onların iştirak etdiyi yığıncaq qanunsuz idi, çünki Yehovanın Şahidləri Gəncədə dini icma kimi qeydiyyatdan keçməmişdi. Onların hər biri 2000 manat (1176 ABŞ dolları) məbləğində cərimə edildi. Onlar Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdilər. Ancaq, əfsuslar olsun ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxladı. Bundan sonra onlar BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət etdilər.
Komitə müəyyən etdi ki, Azərbaycan MSHBP-nın bir sıra maddələrini pozub və onların üçünə də təzminat ödəməlidir. Komitənin dərc etdiyi rəydə belə bir vacib məqama diqqət yetirilir: «Rayon məhkəməsi ərizəçilərin şəxsi evdə ibadət etmələri üçün nəyə görə əvvəlcə dövlət qeydiyyatından keçməli olduqlarına dair heç bir dəlil gətirməyib». Bu təsdiq edir ki, Azərbaycandakı bacı-qardaşlar dövlət qeydiyyatı olmadan toplaşıb ibadət edə bilər.
«Rəhimə Hüseynova Azərbaycana qarşı» işində olduğu kimi, bu işdə də komitə Azərbaycan hökumətindən xahiş etdi ki, MSHBP-nın zəmanət verdiyi hüquqların qorunmasının tam təmin edilməsi üçün «qanunvericiliyinə, normativ aktlara və/və ya praktikasına» dəyişiklik etsin.
Sevindiricidir ki, son vaxtlar Azərbaycanda vəziyyət yaxşılaşıb və hakimiyyət orqanları bacı-qardaşlarımızın ibadət etmək hüququna müdaxilə etmir. Ümid edirik ki, bu iki qərar Azərbaycanda müjdənin müdafiəsinə və qanuni tanınmasına daha çox kömək edəcək (Filippililərə 1:7).
a 2018-ci ilin noyabr ayında Azərbaycan hökuməti Yehovanın Şahidlərinə Bakı şəhərində tam qeydiyyat verdi.