17 DEKABR 2018
AZƏRBAYCAN
Azərbaycanda əqidəsinə görə hərbi xidmətdən imtina edən qardaşımız Ali Məhkəməyə müraciət edəcək
31 oktyabr 2018-ci il tarixində Azərbaycanın Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hərbi xidmətdən imtina edən 19 yaşlı Vahid Əbilov adlı qardaşımıza çıxardığı qərarı qüvvədə saxladı. Vahid Əbilov həbsxanaya salınmasa da, ona kəsilən birillik şərti cəza üzərinə bir neçə məhdudiyyət qoydu. Məsələn, o, müfəttişə hər həftə hesabat verməlidir, həmçinin ona Azərbaycanı tərk etməyə icazə verilmir. Vahid Əbilov Azərbaycanın məhkəmə sistemində ədalətin bərpa olunması üçün sonuncu imkandan istifadə edəcək, o, Ali Məhkəməyə apellyasiya verəcək.
Vahid qardaşımız bitərəfliyinə görə 2017-ci ilin may ayından bəri problemlərlə üzləşir. O, 18 yaşını tamamlayan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinə hesabat verməyə çağırılmışdı. Burada o, hərbidə xidmət edə bilməyəcəyinə dair yazılı izahat təqdim etmişdi. İzahatda o yazmışdı: «Mənim Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanım yol vermir ki, hərbi xidmətə gedim. Dövlətə xidmətdən boyun qaçırmıram və qaçırmağı belə ağlımdan keçirmirəm. Sadəcə Sizdən xahiş edirəm ki, hərbi xidməti mülki alternativ xidmətlə əvəz edəsiniz». Rəsmilər onun bu xahişini rədd etmişdi və 9 iyun 2018-ci il tarixində onu hərbi xidmətdən yayınmaqda ittiham etmişdi.
Gəncə Apellyasiya Məhkəməsində keçirilən dinləmə zamanı Vahid Əbilov hərbi xidmətdən imtina etməsinə dair əlavə səbəblər gətirdi. O, Əşiya 2:4 ayəsini oxudu və bildirdi ki, Müqəddəs Kitabdan öyrəndiklərinə əsasən, o «heç müharibə etməyi belə öyrənməməlidir». İzahatına baxmayaraq, məhkəmə ona çıxarılan hökmü qüvvədə saxladı. Biz gözləməliyik görəsən, Ali Məhkəmə onun cəmiyyətdə işləməyinə izin verəcəkmi.
Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olanda alternativ mülki xidməti təmin edən bir qanun yaratmağa razılıq vermişdi. Amma hökumət bu öhdəçiliyi hələ də yerinə yetirməyib. Nəticədə, qardaşlarımız əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün davamlı olaraq qərarlarını müdafiə etməli olurlar. İlin əvvəlində bir Azərbaycan rayon məhkəməsi Emil Mehdiyev adlı başqa bir qardaşımızı hərbi xidmətdən yayınmaqda təqsirli bilmişdi və ona birillik şərti məhkum olunma cəzası kəsmişdi. O da öz işi ilə əlaqədar Ali Məhkəməyə müraciət etmişdi. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanda əqidəsinə görə hərbi xidmətdən imtina edən dörd qardaşımızın məhkəmə işi öz həllini gözləyir. Bütün bu çətinliklərə baxmayaraq, qardaşlarımız Yehovaya bel bağlayaraq, öz bitərəfliklərini qorumağa davam edirlər (Yəhya 15:19).