Kontentə keç

İrina Zaxarçenko və Validə Cəbrayılova (Bakı)

11 DEKABR 2017
AZƏRBAYCAN

Azərbaycan Məhkəməsi İrina Zaxarçenko və Validə Cəbrayılovaya kompensasiya verir

Azərbaycan Məhkəməsi İrina Zaxarçenko və Validə Cəbrayılovaya kompensasiya verir

4 avqust 2017-ci il tarixində Bakıda (Azərbaycan) bir rayon məhkəməsi haqsız yerə 11 ay həbsdə yatan iki Yehovanın Şahidinə, İrina Zaxarçenko və Validə Cəbrayılovaya dəyən zərərin ödənilməsinə qərar verdi. Pul kompensasiyası onlara göstərilən amansız rəftarla müqayisədə cüzi olsa da, çıxarılan qərar təsdiq edib ki, dövlət orqanları onları əsassız olaraq təqsirkar bilib, emosional və fiziki zərər çəkmələrinə və nüfuzdan salınmalarına səbəb olub.

Ali Məhkəmə Vindikasiyası kompensasiya üçün müraciətə əsas verdi

8 fevral 2017-ci il tarixində Azərbaycanın Ali Məhkəməsi dövlətin icazəsi olmadan dini ədəbiyyat payladıqlarına görə cinayət məsuliyyətinə cəlb olunan İrina Zaxarçenko və Validə Cəbrayılovaya bəraət verdi. Bu məhkəmə müəyyən etdi ki, «Övladlarımızı öyrədək» adlı broşürün dövlət tərəfindən ölkəyə idxalına icazə verilib və cəmiyyət üçün zərərsizdir. Üstəlik, Ali Məhkəmə başqaları ilə dini etiqadlarını bölüşməyin bu qadınların fundamental haqqı olduğunu tanıdı. Ali Məhkəmə qərarını Azərbaycan Konstitusiyasının təminat verdiyi hüquqlara və Azərbaycanın təsdiq etdiyi beynəlxalq müqavilələrə əsaslandırdı.

Ali Məhkəmə kompensasiya məsələsini mülki məhkəmənin öhdəsinə buraxdı. Bundan sonra İrina Zaxarçenko və Validə Cəbrayılova Dövlət Təhlükəsizlik Xidməti (və keçmiş Milli Təhlükəsizlik Nazirliyi) tərəfindən üzləşdikləri amansız rəftara görə Maliyyə Nazirliyinin vurulan zərəri ödəməsi üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. İrina Zaxarçenkonun səhhəti əl verməsə də, məhkəmədə qadınların ikisi də iştirak etdi. Hakim Şahin Abdullayev onlara üzləşdikləri çətinlikləri qısa şəkildə bölüşmələrinə icazə verdi.

Rayon məhkəməsi pis rəftara yol verildiyini etiraf edir

Rayon məhkəməsinin bu qərarı Azərbaycanın öz vətəndaşlarının fundamental hüquqlarına hörmət etməli olduğunu təsdiqlədi və bu iki Yehovanın Şahidinin tələblərini qismən təmin etdi. Ağır şərait ucbatından səhhəti zəifləyən İrina Zaxarçenkoya 9744 manat (5737 ABŞ dolları) məbləğində, nisbətən gənc Validə Cəbrayılovaya isə 8200 manat (4828 ABŞ dolları) məbləğində pul kompensasiyası ödənilməsinə qərar verilib. Qərarda deyilir: «Məhkəmə düşünür ki, iddiaçıların qanunsuz həbsə və əsassız cinayət təqibinə məruz qalmaları onların emosional zərbə almasına səbəb olub».

Maliyyə Nazirliyi bu iki Yehovanın Şahidinə dəyən zərərin ödənilməsinə dair çıxarılan qərara apellyasiya şikayəti verdi. 20 noyabr 2017-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi Maliyyə Nazirliyinin şikayətini rədd etdi və rayon məhkəməsinin qərarını təsdiqlədi.

Məhkəmə qərarlarının müsbət təsiri olacaqmı?

Azərbaycanda Yehovanın Şahidlərinin din azadlığı kimi fundamental haqlarının pozulmasına və onların şəxsi təhlükəsizliyinin təhdid altında olmasına baxmayaraq, onlar öz ibadətlərini icra etməkdə əzmlidirlər. Şahidlər hələ də birgə toplaşıb ibadət edəndə və dinc şəkildə dini fəaliyyətlərini icra edəndə təqiblərə, amansız rəftara məruz qalır və cərimə olunurlar. Bundan əlavə, hökumət əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə alternativ mülki xidmət təqdim etmir. Rəsmilər Bakı şəhərinin hüdudlarından kənarda Yehovanın Şahidlərinin hüquqi qeydiyyatını rədd edir. Azərbaycan hökumətinin Yehovanın Şahidlərinə göstərdiyi pis rəftara görə hal-hazırda Avropa İnsan Hüquqları Məhkəməsində 18 vəsatət, BMT İnsan Hüquqları Komitəsində 11 şikayət ərizəsi həllini gözləyir.

Bütün dünyadakı Yehovanın Şahidləri ümid edir ki, son məhkəmə qərarları hökumət nümayəndələrini Azərbaycandakı dindaşlarının hüquqlarına hörmət etməyə təşviq edəcək.