Kontentə keç

15 İYUN 2015-Cİ İL
AZƏRBAYCAN

Yehovanın Şahidləri Azərbaycanı haqsızlığa son qoymağa səsləyir

Yehovanın Şahidləri Azərbaycanı haqsızlığa son qoymağa səsləyir

Yehovanın Şahidləri beynəlxalq hakimiyyət orqanlarını İrina Zaxarçenko və Validə Cəbrayılovanın əsassız həbsinə göz yummamağa səsləyir. 2015-ci il fevralın 17-də Səbail Rayon Məhkəməsi bu iki qadına guya icazəsiz dini ədəbiyyat payladıqları üçün məhkəmə prosesinə qədər üç aylıq hökm kəsmişdi. Məhkəmə bu yaxınlarda onların həbsdə saxlanılma müddətini daha iki ay uzatdı.

İrina Zaxarçenko və Validə Cəbrayılova

Təhlükəsiz qadınlarla qatı cinayətkar kimi davrandılar

İrina Zaxarçenko və Validə Cəbrayılova 2014-cü il 5 dekabr tarixində Bakıda yerləşən bir binanın sakinləri ilə Müqəddəs Kitaba əsaslanan etiqadlarını bölüşərkən polis onları saxlamışdı. Onları bir neçə saatdan sonra azadlığa buraxsalar da, istintaqçılar bu iki qadını dəfələrlə sorğu-sual etmək üçün idarəyə çağırmışdılar. 2015-ci il fevralın 17-si Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nümayəndələri xəbər etmədən bu iki qadını cinayət məsuliyyətinə cəlb etmək üçün qapalı şəkildə keçirilən məhkəməyə gətirmişdilər. Hakim onlara «ictimaiyyət üçün təhlükəli» damğası vurmaqla məhkəməyə qədər həbs qəti imkan tədbiri seçdi. Məhkəmədən dərhal sonra MTN-nin işçiləri onları baş idarələrində həbs etdilər (yuxarıdakı şəklə baxın).

Bundan sonra MTN-nin nümayəndələrinin müşayiəti ilə onların evlərində axtarışlar aparılmış və bu qadınlara məxsus dini ədəbiyyatlar, şəxsi qeydlər, kompüter və mobil telefon müsadirə edilmişdi.

Səhhətləri ilə bağlı ciddi narahatçılıqlar

Vəkilləri, ailə üzvləri və dostları bu iki qadının sağlamlığının getdikcə pisləşdiyini hesab edərək, onların səhhəti ilə bağlı öz narahatçılıqlarını bildirirlər. İrina Zaxarçenkonun 55 yaşı var. Həkimlərin təsdiq etdiyi kimi, o, əvvəllər sağ ayağından aldığı zədə və artrit ucbatından əmək qabiliyyətinin 80 faizini itirib.

Ən çox narahatçılıq doğuran isə bu qadınların emosional vəziyyətləridir. MTN-nin qərarı ilə onlara yalnız vəkilləri baş çəkə bilər. Qohumları isə geyim, dərman və sabun kimi zəruri əşyaları ayda ancaq bir dəfə göndərə bilərlər. Ailə üzvləri dəstək olmaq məqsədi ilə Müqəddəs Kitabı onlara göndərsələr də, MTN-in işçiləri buna icazə verməmişdilər.

Azərbaycan dini tolerantlıq göstərəcəkmi?

İrina Zaxarçenko və Validə Cəbrayılovanın işi ilə əlaqədar 20-dən çox Yehovanın Şahidi sorğu-sual olunmaq üçün MTN-ə çağırılmış və ən azı 10 evdə axtarışlar aparılmışdır. Bu azmış kimi, MTN-in rəsmi nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və polis işçiləri qadınların getdiyi ibadət evində də axtarışlar aparmışlar.

Azərbaycanın hakimiyyət orqanları başqa seçim vermədikləri üçün Yehovanın Şahidləri İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinə müraciət etmiş və bir sıra beynəlxalq təşkilatlarla əlaqə saxlayaraq, onları Azərbaycanın İrina Zaxarçenko və Validə Cəbrayılovaya qarşı edilən haqsız rəftarına və əsassız həbsinə biganə qalmamağa səsləmişdilər. Azərbaycan insan hüquqlarının və fundamental azadlığın inkişaf edilməsi ilə bağlı beynəlxalq öhdəliklər götürüb və dini tolerant ölkə olmağı ilə fəxr edir.

Yehovanın Şahidləri Azərbaycan hakimiyyətindən dərin hörmətlə xahiş edir ki, üzərinə götürdüyü insan hüquqları öhdəçiliklərinə sadiq qalsın və Yehovanın Şahidlərinə dinc şəraitdə ibadət etmələrinə icazə versin. Onlar bu təqsirsiz qadınların dərhal azadlığa buraxılması ilə bağlı Azərbaycan hakimiyyətinə müraciət edirlər.