27 APREL 2020
BİRLƏŞMİŞ ŞTATLAR
2020-ci ilin anma mərasimi. ABŞ
Anma mərasimi nitqi Floridanın iki həbsxanasında göstərilib
Aprelin 7-si Yehovanın Şahidləri 1100-dən çox məhbusun saxlanıldığı iki həbsxanada (Florida ştatı, Palm-Biç dairəsi) anma mərasimini keçirməyi planlaşdırırdı. Lakin bu, mümkün olmadığından nitqin yayımı təşkil olundu.
Həbsxanada hər həftə təbliğ edən 12 qardaşdan biri deyib: «Hadisələrin gedişatı bizi çox təəccübləndirdi. Aydın idi ki, Yehova bu məhbusların anma mərasimi nitqini eşitmələrini istəyirdi».
Hər iki həbsxanada anma mərasimini keçirmək üçün qardaşlar həbsxana keşişindən icazə istəmişdilər. Lakin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər qoyulandan sonra planlar ləğv olundu. Qardaşlar vəziyyətdən çıxış yolu təklif etməyə macal tapmamış keşiş anma mərasimi nitqinin yazısını istədi. Qardaşlar çox təəccübləndilər. Sən demə, keşiş hər iki həbsxanada nitqi yayımlamaq üçün artıq tədbirlər görməkdə idi.
Videodan əlavə, qardaşlar həm də keşişə anma mərasimi üçün dəvətnamələr göndərib onları paylamağı və hamının görə biləcəyi yerlərə qoymağı xahiş etmək istəyirdi. Keşiş bu dəfə də onları təəccübləndirdi: o, həbsxana binalarında anma mərasimi nitqini reklam edən elan yerləşdirmişdi. Anma mərasimi axşamı hər məhbusun nitqə baxmaq imkanı var idi.
Anma mərasimindən sonra keşiş qardaşlara zəng edib məhbuslar üçün daha çox Müqəddəs Kitab istədi. Həbsxanada olan Müqəddəs Kitabların hamısı paylanılmışdı. Lakin bəzi məhbuslara kitab çatmamışdı.
Necə də gözəldir ki, hətta dəmir barmaqlıqlar Allahın Kəlamı üçün əngəl deyil (Mətta 24:14).