23 YANVAR 2024
BİRLƏŞMİŞ ŞTATLAR
Gilad məktəbinin ilk sinfinin məzunu 103 yaşında vəfat etdi
23 noyabr 2023-cü il tarixində Gözətçi Qülləsinin Müqəddəs Kitab Kolleci Giladın a ilk sinfinin məzunu Mari Larimer bacı vəfat etdi. Mari 1920-ci il 4 iyunda Pensilvaniyanın Skineri Hil (ABŞ) ərazisində anadan olub. O, 1935-ci ildə 15 yaşında Vaşinqtondakı (ABŞ, Kolumbiya mahalı) toplantıda vəftiz olunmuşdu. Dörd il sonra bacı öncül xidmətinə başladı və tez bir zamanda şövqlü təbliğçi kimi yaxşı ad qazandı.
1942-ci ilin dekabrında Mari təşkilata rəhbərlik edən Neytan Norr qardaşdan yeni təşkil olunmuş məktəbə — Gözətçi Qülləsinin Müqəddəs Kitab Kolleci Gilada dəvətnamə alır. Dəvətnamə bu sözlərlə başlayırdı: «Kollecin məqsədi həm qardaşlar, həm də bacılar arasından səriştəli müjdəçilər hazırlayıb xoş xəbəri car çəkmək üçün dünyanın dörd bir yanına göndərməkdir». Dəvətnamədə həmçinin qeyd olunurdu ki, «təlim müddəti beş ay davam edəcək… Bu qısa müddətdə təlimi başa çatdırmaq üçün çoxlu zəhmət və səy tələb olunur». Mari ərizəni dərhal doldurub göndərdi.
1 fevral 1943-cü ildə o, 99 sinif yoldaşı ilə birgə Saut-Lansinqdə (Nyu-York) açılan bu yeni məktəbin ilk sinfində təhsil almağa başladı. Beş ay boyunca Mari gecəsini gündüzünə qatıb Müqəddəs Yazıları dərindən araşdırmağa çalışırdı. Bu çalışqan tələbə 1943-cü il 23 iyun tarixində Gilad kollecini uğurla başa vurdu.
Məzun olduqdan sonra o, Kubaya təyin olundu. Bacı üzləşdiyi çətinliklər barəsində belə demişdi: «Oranın camaatı çox kasıb idi. Təbliğ zamanı hər yerə ayaqla getməli olurduq… Maşınımız yox idi». Mari bacı 1948-ci ildə təyinatını dayandırıb xəstə anasının qeydinə qalmaq üçün Pensilvaniyaya qayıtmalı olmuşdu. O, onilliklər boyu subay qalmışdı, xidmətdə və teokratik fəaliyyətlərdə həmişə aktiv iştirak edirdi. Bacı ölümündən əvvəl Qlendeyl (ABŞ, Kaliforniya) yığıncağında xidmət edirdi.
Hazırda 155-ci sinfin təhsil aldığı Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad Nyu-Yorkun Paterson şəhərində yerləşir. Gilad müəllimi Mark Nümar qardaş Mari bacının ölümü haqqında eşidəndə bu sözləri demişdi: «Mari Larimer kiçik bir qəsəbədən gəlmiş gənc bacı idi və istənilən yerdə insanlarla Yehova haqda danışmağa hazır idi. O, göndəriləcəyi yeri və oradan nə vaxt geri qayıdacağını bilmirdi. Mari kimi xüsusi təyinatlı müjdəçilər xoş müjdənin dünya miqyasında yayılmasına böyük töhfə veriblər» (Əşiya 6:8).
a 1946-cı ildə Gözətçi Qülləsinin Müqəddəs Kitab Kolleci Gilad adı Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad adı ilə əvəz olundu