Kontentə keç

Üç sinif yoldaşı ilə «Zoom» proqramı vasitəsilə Müqəddəs Kitab dərsi keçən altıyaşlı Melodi

7 DEKABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR

Pandemiyaya rəğmən gənclər xidmətlərini genişləndirir

Pandemiyaya rəğmən gənclər xidmətlərini genişləndirir

Mayk İvuçukvu onlayn dərslərindəki nahar fasiləsi zamanı pilləkənlə aşağı düşən qızı Melodinin səsini eşitdi. O getdi görsün ki, qızı fasilə zamanı nə edir. Mayk düşünürdü ki, altıyaşlı qızı ya sendviçini yeyir, ya da oyuncaqları ilə oynayır. Gördükləri onu heyrətə gətirdi.

Mayk deyir: «O, qabağında notbuk və əlində “Müqəddəs Kitab dünyasına səyahət” kitabı ilə oturmuşdu və üç sinif yoldaşı ona qulaq asırdı. Məni görüb qızım dedi: “Ata, mən Müqəddəs Kitab dərsi keçirəm!”».

Melodi Texas ştatının Hyuston şəhərində yaşayır və məktəbə gedir. 2020-ci ilin sentyabr ayında koronavirus pandemiyasına görə onlayn təhsilə keçəndən Melodi kiminləsə Müqəddəs Kitab dərsinə başlamağı qarşısına məqsəd qoymuşdu. Odur ki, o, Yehovaya dua edib Müqəddəs Kitab dərsinə başlamaq üçün fürsət axtarırdı.

Melodinin valideynləri Mayk və Oktaviya qızları ilə fəxr edirlər. Mayk davam edir: «Melodi sinif yoldaşları ilə Yehova haqqında həmişə danışır. Lakin onun Müqəddəs Kitab dərsini keçdiyini görəndə ikimiz də kövrəldik».

Melodi sinif yoldaşları ilə müntəzəm şəkildə Müqəddəs Kitab dərsi keçir. O deyir: «Hələ ki onlara cənnət və İsa haqqında öyrətmişəm. İstəyirəm ki, onlar Yehovanın Şahidi olsun!»

Doqquzyaşlı Samuel Molnar da (İllinoys ştatı, İnqlsayd) imanı barədə danışır.

Hasardan qonşusuna təbliğ etmiş bir qardaşın nümunəsi ona çox təsir etdi və o da bu cür təbliğ etmək qərarına gəldi. Qonşunun nəvəsinin hasarın o biri tərəfində öz həyətlərində oynadığını görəndə ondan soruşdu: «Cənnət haqqında öyrənmək istəyərdin?» Oğlan dedi ki, istəyir və Samuel qaçıb evdən «Müqəddəs Kitab hekayələri» kitabını gətirdi.

Əlində «Müqəddəs Kitab hekayələri» kitabını tutan doqquzyaşlı Samuel Molnar

Samuel deyir: «Mən ona dedim ki, gələcəkdə o, qorxmadan heyvanlarla oynaya biləcək. Sonra ona şirlər quyusuna düşən Dənyalın hadisəsini oxudum».

Samuel bununla kifayətlənmədi. O, oğlana məktub yazdı. Məktubda o, saytımızdakı uşaqlar üçün olan tapşırıqlar və videolar barədə danışdı. Onlar növbəti görüş zamanı Müqəddəs Kitabdan başqa bir hadisə barədə oxumağı qərara aldılar.

Bu hadisə Samueli çox ruhlandırdı və indi o, qarşısına başqa bir məqsəd qoyub. O deyir: «Mən xidmət üçün vəsaitlər bölməsindəki bütün bukletlərlə yaxşı tanış olmaq istəyirəm ki, təbliğdə istifadə edim».

Hyustondan olan üç gənc bacı qarşılarına məqsəd qoymuşdular ki, yay tətili zamanı köməkçi öncül kimi xidmət etsinlər və onlar bu məqsədlərinə nail oldular.

Avqust ayında 13 yaşlı Coselin Horta, 12 yaşlı Melani Alvarez və 10 yaşlı Xloya Rodrigez həftədə beş dəfə səhər saat 7-dən videokonfrans vasitəsilə görüşüb məktub yazırdılar.

Xloya Rodrigez (aşağıda solda), Melani Alvarez (yuxarıda solda) və Coselin Horta (sağda)

Coselin deyir: «Biz söhbət edir və birgə yemək yeyirdik, 7.30-da isə məktub yazmağa başlayırdıq». Hərdən kimsə yatıb qalırdı. Bu zaman digər iki bacı ona belə bir mesaj yazırdı: «Sabahın xeyir! Durmaq vaxtıdır! Təbliğ gözləyir!»

Qızların xidmətə can yandırmaları təkcə onları yox, dostlarını və ailə üzvlərini də ruhlandırırdı. Coselinin anası Alisiya deyir: «Bəzən xidmət etməyə həvəsim olmurdu. Lakin Coselinin oturub məktub yazdığını görəndə öz-özümə deyirdim: “Mən də təbliğ etmək istəyirəm”».

Pandemiya zamanı xidmətə can yandıran bu sadiq gəncləri görəndə Yehovanın ürəyi fərəhlə dolur (Məsəllər 27:11).