1 OKTYABR 2021
BİRLƏŞMİŞ ŞTATLAR
Xmonq dilində «Mətta» kitabı buraxılıb
25 sentyabr 2021-ci il tarixində elektron formatda xmonq dilində «Mətta» kitabı işıq üzü gördü. Kitabın buraxılışı barədə elanı Rəhbərlik Şurasının üzvü Cefri Cekson səsləndirdi. Proqram xüsusi görüş zamanı canlı yayımda təqdim olundu və ona 2500-dən çox adam baxdı.
Bu, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin xmonq dilində çıxan ilk bölməsidir. Bu dildə bütün dünyada 3,9 milyondan çox adam danışır a. Ənənəvi olaraq xmonqlar animizmə (təbiətə sitayiş) və şamonizmə (əcdadların ruhuna sitayiş) etiqad edirlər.
1970-ci illərdə bir çox xmonqlar Tailanddakı qaçqın düşərgələrinə qaçmışdılar. Sonradan onların bir qismi qərb ölkələrində, əsasən, Birləşmiş Ştatlarda məskunlaşdı.
Xmonqlar əsas etibarilə Birləşmiş Ştatların Kaliforniya, Minnesota və Viskonsin ştatlarında yaşayır. Yehovanın Şahidləri öz nəşrlərini xmonq dilinə 2007-ci ildən tərcümə edir. 2012-ci ildən Kaliforniyanın Sakramento şəhərində tərcümə ofisi fəaliyyət göstərir.
Tərcümə qrupu «Mətta» kitabı üzərində üç ay işləyib. Onlara beş ölkədən redaktorlar qrupu kömək edirdi.
Tərcümə zamanı qrup qeyri-adi çətinliklə üzləşdi. Xmonq dili yalnız 1950-ci illərdə yazılı dil oldu, bu səbəbdən onun standartlaşdırılmış orfoqrafiya və baş hərflərin yazılışı qaydaları yoxdur.
Bu dildə ilk Müqəddəs Kitab tərcümələri 1980-ci illərdə işıq üzü görüb. Ancaq onlar çox baha olduğundan çoxlarının onları almaq imkanı yox idi. Bundan əlavə, həmin tərcümələrdə bir sıra məqamların dəqiq verilməməsi Müqəddəs Kitabı dəqiq başa düşməyə mane olur. Məsələn, tərcümələrin birində Allahın şəxsi adı xmonq xalq nağılının personajının adı ilə əvəz edilib.
Tərcüməçilərdən biri deyib: «Bu “Yeni Dünya Tərcüməsi” sayəsində səmimi-qəlbli insanlar, nəhayət ki, Yehovanın adını Müqəddəs Kitabda görəcəklər və Onunla dostlaşa biləcəklər. Uzun illər biz bunun arzusunda olmuşuq və bu haqda dua edirdik».
Oxucular bu tərcüməni çox bəyənib. Onlardan biri minnətdarlığını bu sözlərlə ifadə edib: «Xmonq dilində “Mətta” kitabını oxuyanda məəttəl qaldım. Öz-özümə fikirləşdim: “Necə ola bilər ki, bu tərcümə daxilimdə bu qədər hisslər yaradır? Sanki hadisələr gözümün qabağında canlanmışdı”».
Xmonq dilində «Mətta» kitabının buraxılışı ayrı-seçkilik etməyən Allahın Öz Kəlamını Onu axtaran hər kəs üçün əlçatan edəcəyinə daha bir sübutdur (Həvarilərin işləri 10:34, 35).
a Tədqiqatçılar xmonq millətinə mənsub olanların dəqiq sayını müəyyən etməkdə çətinlik çəkirlər. Hesablamalara görə, 2,7 milyon xmonq Çinin cənub əyalətlərində, təxminən 1,2 milyon Şimali Vyetnamda, Laosda, Tailandda və Şərqi Myanmada, 170 000-dən çox xmonq isə Birləşmiş Ştatlarda yaşayır.