Kontentə keç

Solda: Minlərlə insan Cozef Ruterford qardaşın doqquzgünlük tarixi toplantıda «Padşahı və onun Padşahlığını elan edin» çağırışını dinləyir (Sidar-Point, Ohayo, ABŞ). Sağda: Ruterford qardaş mikrofondan istifadə edir ki, toplantı zamanı çöldə olan izdiham onun səsini eşitsin

6 OKTYABR 2022
BİRLƏŞMİŞ ŞTATLAR

Yüz il əvvəl Sidar-Pointdə keçirilmiş toplantı

Əlamətdar hadisədən bəhs edən yeni muzey

Yüz il əvvəl Sidar-Pointdə keçirilmiş toplantı

Müasir tariximizdə ən əlamətdar hadisələrdən biri 100 il əvvəl, 1922-ci il 5—13 sentyabr tarixlərində baş vermişdi. Həmin tarixlərdə Yehovanın Şahidləri ABŞ-ın Ohayo ştatının Sidar-Point şəhərində doqquzgünlük toplantı keçirmişdi. İştirakçılar bu toplantıya ABŞ-ın dörd bir yanından, Kanadadan, eləcə də Avropadan gəlmişdilər. Toplantıda hər gün orta hesabla 10 000 nəfər iştirak edirdi. Nitqlər isə eyni vaxtda 11-dən çox dildə təqdim olunurdu.

Yeni muzey həmin tarixi toplantıya, bu toplantının təbliğ işimizə təsirinə və Yehovanın Şahidlərinin baş idarəsinin təsis olunmasına həsr olunub. Hal-hazırda muzey yalnız Beytel ailəsinin üzvləri üçün açıqdır. Ekskursiyalar bərpa olunanda isə hamı üçün açıq olacaq.

Sidar-Pointdəki toplantının ən əlamətdar hissəsi sentyabrın 8-də oldu. Həmin gün gözəl Eri gölü yaxınlığındakı bu toplantıda təxminən 8000 nəfər iştirak edirdi. Onlar Cozef Ruterford qardaşın «Padşahlıq» adlı nitqini dinləməyə gəlmişdilər.

90 dəqiqə nitq söyləyəndən sonra Ruterford qardaş yüksək səslə auditoriyadan Məsihin padşah olduğuna inanıb-inanmadıqlarını soruşdu. Auditoriya dərhal bir ağızdan «bəli» deyə cavab verdi. Sonra isə Ruterford qardaş belə dedi: «Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin». Həmin vaxt bir plakat açıldı. Orada yazılmışdı: «Padşahı və onun Padşahlığını elan edin».

Bu sözləri eşidən toplantı iştirakçılarının xidmətə həvəsi daha da artdı. Düzdür, onların çoxu artıq təbliğ edirdi, amma Ruterford qardaşın nitqi onları təşviq etdi ki, ev-ev təbliğin daha da təşkil olunmuş şəkildə davam etdiyi bir vaxtda xidmətə daha çox can qoysunlar. Həmin vaxt təxminən 30 yaşlarında olan Etel Benekof bacı demişdi ki, bu təşviqedici nitqə kimi Müqəddəs Kitab Tədqiqatçıları «Allahın işinə hələ bu qədər şövqlə və məhəbbətlə yanaşmamışdılar». 1922-ci ildə 18 yaşı olan Odessa Tak bacı isə demişdi: «“Mən gedərəm! Məni göndər!” deyən Əşiya kimi olmaq istəyirdim».

1922-ci ildə Sidar-Pointdə keçirilən toplantıda vəftiz

Ruterford qardaşın nitqindən iki gün sonra Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyi qətnamə qəbul etdi. Qətnamədə belə deyilirdi: «Bir məsihi kimi biz ağamız və xilaskarımız İsa Məsihə itaət etməyə və onun izi ilə getməyə qəti qərarlıyıq, müharibədə, çevrilişdə, anarxiyada, eləcə də zorakılığın istənilən növündə iştirak etməyə qarşıyıq; Müqəddəs Kitabdan insanları aldatmaq məqsədilə istifadə etməyə qarşıyıq. Biz tamamilə sülhün tərəfdarıyıq». Bu qətnamə aydın şəkildə göstərirdi ki, Müqəddəs Kitab Tədqiqatçıları I Dünya müharibəsindəki, eləcə də bir neçə il sonra baş verən II Dünya müharibəsindəki düşmənçiliyi dəstəkləyən digər dinlərdən fərqlənir.

«Gözətçi qülləsi»nin 1922-ci il 15 iyun sayında deyilirdi: «Əlimizdən gələni edəcəyik ki, 1922-ci ildə keçirilməsi nəzərdə tutulan böyük toplantı ən yaxşı şəkildə keçirilsin… Ümid edirik ki, bu toplantı minlərlə dindaşımız üçün yadda qalan bir tədbir olacaq».

Onlar bu məqsədə nail oldular. Bu toplantıdan 100 il keçməsinə baxmayaraq, Yehova yenə də Padşahı və onun Padşahlığını elan etmək işini avand edir (Mətta 24:14).