13 MAY 2015-Cİ İL
BİRLƏŞMİŞ ŞTATLAR
Yehovanın Şahidləri Floridada Amerika jest dili tərcümə ofisi açıblar
FORT-LODERDEYL (Florida ştatı, ABŞ). 2014-cü il noyabrın 14-ü, Yehovanın Şahidləri Amerika jest dili (AJD) tərcümə qrupunun Patersondakı Gözətçi Qülləsinin Təlim Mərkəzindən (Nyu–York) Fort-Loderdeylə (Florida) köçürülməsinə hazırlaşırdılar. Onlar Patersonda 1995-ci ildən bəri Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatları AJD-ə tərcümə edirlər. Son bir neçə ay ərzində Yehovanın Şahidləri Fort-Loderdeyldə yeni ofislər və səsyazma studiyaları tikib qurtarıblar. 2015-ci ilin mayında AJD tərcümə ofisi artıq iş üçün hazır idi.
Bu AJD videoları jw.org saytında və DVD formatda əlçatandır. Bu videolar həmçinin müntəzəm olaraq, dünyanın dörd bir guşəsində keçirilən 500-dən çox yığıncaq görüşlərində, habelə regional (ildə bir dəfə) və rayon (ildə iki dəfə) toplantıları kimi böyük görüşlərdə istifadə olunur.
Floridadakı Yehovanın Şahidlərinin AJD tərcümə qrupunun koordinatoru Yonatan Qalvez deyir: «Bizim məqsədimiz mənşəyindən və təhsilindən asılı olmayaraq, əksər istifadəçilərimizin videolarımızı asan başa düşməsini təmin etməkdir. Adi danışıq dilində ləhcələr olduğu kimi, təxminən 45 ölkədə istifadə olunan AJD-nin də özünəməxsus ləhcələri var. Tərcümə ofisinin Fort-Loderdeylə köçməsi lap yerinə düşdü. Çünki burada AJD-dən istifadə edən çoxlu millətdən olan insanlar var».
2014-cü ildə sosial-mədəni və antropoloji dilçilik üzrə doktorant Frank Betçer Yehovanın Şahidlərinin Riçmondda (Virginiya) keçirdiyi Amerika jest dilli regional toplantısında iştirak etmişdi. Gəlişinin məqsədi jest dili və eşitmə qabiliyyətindən məhrum olmuş insanlarla bağlı linqvistik və antropologiya sahəsində araşdırma aparmaq idi. Dr. Betçer vurğulayır: «Riçmonddakı toplantıda aydın görünürdü ki, təşkilatınız AJD-nin tərcüməsinin keyfiyyətinə önəm verir. Bu xüsusilə keyfiyyətli hazırlanmış Müqəddəs Kitab ayələrinin video tərcüməsindən dəfələrlə istifadə olunmasından görünürdü. Tərcümənizə söz ola bilməz». O əlavə edir: «Müqəddəs Kitabı AJD-ə tərcümə etdiklərinə görə Yehovanın Şahidlərinə çox minnətdaram. Çünki bu, cəmiyyətimizdə və dünya tarixində çox qiymətli bir əsərdir. Fikrimcə, dünyanın inkişafına təsir edən bu qiymətli əsər hamıya olduğu kimi, eşitmə qüsurlu adamlar üçün də əlçatan olmalıdır».
Yehovanın Şahidlərinin ümumdünya tərcümə ofisləri təxminən 80 jest dilində saysız-hesabsız videonəşrlər hazırlayırlar. Bu videonəşrlər pulsuzdur. Yehovanın Şahidləri həmçinin «JW Library Sign Language» proqramını hazırlayıblar. Bunun sayəsində istifadəçilər asanlıqla jw. org saytında yerləşən jest dilində olan videolara baxa və onları yükləyə bilərlər.
Əlaqə üçün:
Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000