14 iyun 2018
BİRLƏŞMİŞ ŞTATLAR
Onların cəsarətli davranışı sayəsində 75 il əvvəl həlledici bir məhkəmə qərarı verildi
Doqquz yaşlı Qati Barnettin və onun səkkiz yaşlı bacısı Marinin sinif yoldaşları Amerikanın bayrağına təzim edəndə onlar hörmətcil və sakit tərzdə ayaq üstə durub mərasimin bitməsini gözlədilər. Onların heç ağlından da keçməzdi ki, bu imanlı hərəkətlərinə görə 1943-cü ildə çox önəmli Ali Məhkəmə işinin tam mərkəzində olacaqlar. Bu bacılar yalnız Allaha sədaqət göstərməli olduğuna inanırdılar. Bu gün də onlar kimi Yehovanın Şahidi olan və məsihi vicdanına görə hərəkət edən minlərlə uşaq var (Həvarilərin işləri 5:29).
Qati və Mari bayrağa təzim etməkdən cəsarətlə imtina etdikləri üçün Qərbi Virciniyadakı Slip Hill məktəbindən xaric olundular. Ataları onların hüquqlarını qorumaq üçün mübarizə apardı və bu məsələ Birləşmiş Ştatların Ali Məhkəməsinə qədər gedib çıxdı. Bu məhkəmə 14 iyun 1943-cü il tarixində qərar verdi ki, məktəblərdə uşaqlar bayrağa təzim etməyə məcbur edilə bilməz və xüsusilə vurğuladı ki, Yehovanın Şahidlərinin məqsədi «ölkəyə və bayrağa hörmətsizlik» etmək deyil. Ali Məhkəmə «Qərbi Virciniya Ştatının Təhsil Komitəsi Barnettə qarşı» adlı məhkəmə işində çıxarılan bu qərar ilə «Maynersvill Məktəb Rayonu Qobitisə qarşı» adlı məhkəmə işində çıxarılan qərarı qüvvədən saldı. Üç il əvvəl verilən həmin qərarda deyilirdi ki, məktəblərdə şagirdlər bayrağa təzim etməlidirlər və şagirdlərdən bunu tələb etməyə məktəbin haqqı çatır a.
Hakim Robert Cekson Ali Məhkəmədə iştirak edənlərin altıda üç səs çoxluğu ilə qərar qəbul edərək açıq-aydın bəyan etdi: «Birləşmiş Ştatlar Konstitusiyasının əsla dəyişilməyəcək ən vacib prinsipi odur ki, səlahiyyətinin nə qədər önəmli olub-olmamasından asılı olmayaraq, heç bir dövlət nümayəndəsi siyasət, millətçilik, din və digər mühüm məsələlərlə bağlı konkret qərar qəbul edə bilməz. Həmçinin vətəndaşları söz və hərəkətlərlə bu qərarı qəbul etməyə məcbur edə bilməz».
Bu qərardan ən çox Yehovanın Şahidi olan uşaqlar faydalandı. Şimal-Qərb Universitetinin hüquq professoru Andrey Kopelman deyir: «Amerikanın azad vətəndaşları ölkədə dözülməz və qəddar təqibə məruz qalan Yehovanın Şahidlərinə minnətdar olmalıdır. Çünki onların öz vətəndaşlıq hüquqlarını qorumaq naminə apardıqları mübarizə sayəsində biz hamımız indi əmin-amanlıqda yaşayırıq».
Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli bu qərarın sadəcə Birləşmiş Ştatların qanunvericiliyinə təsir etmədiyini vurğulayaraq deyir: «“Barnett” qərarı başqa ölkələrdə də güclü təsirə malik oldu, çünki Avropa İnsan Hüquqları Məhkəməsi ilə yanaşı, Argentina, Kanada, Kosta-Rika, Qana, Hindistan, Filippin və Ruandanın Ali Məhkəmələri bu qərarla bağlı müsbət fikirlərini bildirdilər və öz prinsiplərini məhz bu qərara əsaslandırdılar».
Qati və Mari 2006-cı ildə Nyu-Yorkda Robert Cekson Mərkəzində bir qrup görkəmli alimlə birlikdə həmin məhkəmə işinin əhəmiyyətini müzakirə etməyə dəvət edildilər. Mari demişdi: «Mən çox xoşbəxtəm ki, bu qərarın bizdən sonra başqa uşaqlara da köməyi dəyib». Qati onun sözlərinə əlavə edərək demişdi: «Böyük oğlumun bayrağa təzim etmədiyi üçün müdirin otağına göndərildiyini xatırlayıram. Müdir ona demişdi: “Görünür, sənin müəllimin Ali Məhkəmənin qərarını xatırlamır”».
Yehovanın Şahidlərinin mövqeyini əks etdirən Qati demişdi: «Biz bayrağa və onu təmsil edən hər şeyə hörmət bəsləyirik. Ona qarşı çıxacaq heç bir səbəbimiz yoxdur. Sadəcə bayrağa sitayiş və təzim etməyin doğru olmadığına inanırıq» (1 Yəhya 5:21).
a Məhkəmə katibləri həm Qobitas, həm də Barnett uşaqlarının soyadlarını səhv yazmışdılar