Kontentə keç

15 NOYABR 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Meşə yanğınları Kaliforniyanı viran qoyur

Meşə yanğınları Kaliforniyanı viran qoyur

Birləşmiş Ştatlar filialı təəssüflə bildirir ki, Şimali Kaliforniyanın Paradays şəhərindən olan 70 yaşlı qardaşımız meşə yanğınları nəticəsində həyatını itirib.

Birləşmiş Ştatların Kaliforniya ştatında baş verən üç böyükmiqyaslı meşə yanğını ağır fəlakətlərə və ən azı 48 nəfərin ölümünə səbəb olub. «Kamp» kimi tanınan ən böyük yanğın Şimali Kaliforniyada artıq 47000 hektarlıq ərazini külə çevirib və əksəriyyəti yaşayış evləri olan təxminən 7100 binanı sıradan çıxarıb. Bu yanğın alovlanmağa davam edir. Cənubi Kaliforniyada iki yanğın, «Vulsi» və «Hill» yanğınları ümumilikdə 38000 hektarlıq əraziyə yayılıb və təxminən 435 binanı dağıdıb. Bir media hesabatına əsasən, bu il ərzində Kaliforniyada meşə yanğınları ucbatından yanan ümumi ərazi «Belçika və Lüksemburqdan da böyük ərazini» əhatə edir.

Birləşmiş Ştatlar filialının verdiyi ilkin məlumatlara əsasən, «Kamp» yanğını nəticəsində, Çiko və Paradays şəhərlərindən təxminən 427 təbliğçi evlərini tərk etməyə məcbur qalıb. Çox təəssüf ki, Ponderosa yığıncağından olan yaşlı bir bacımız yanğın zamanı həyatını itirib. Bundan əlavə, hal-hazırkı məlumatlara görə, dindaşlarımıza məxsus ən azı 94 ev dağılıb və ya böyük xəsarətlərə məruz qalıb. Həmçinin Paradaysdakı bir ibadət evi sıradan çıxıb.

«Hill» və «Vulsi» yanğınları nəticəsində, Oksnard, Simi vadisi və Tauzand-Oks şəhərlərində yaşayan təxminən 420 təbliğçi təxliyyə olunub. Bədbəxtlikdən, bir qardaşımız və Yehovanın Şahidi olmayan anası yanğından qaçarkən Malibuda həlak olub. İlkin məlumatlarda bildirilir ki, dindaşlarımıza məxsus 21 ev, eləcə də bir ibadət evi zərər görüb.

Filial bacı-qardaşlarımızın ehtiyaclarını qarşılamaq üçün iki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi yaradıb. Yerli ağsaqqallar rayon nəzarətçilərinin rəhbərliyi ilə meşə yanğınlarından zərərçəkən təbliğçilərə praktiki yardım göstərir və onları ruhlandırır. Şənbə günü, 10 noyabr tarixində 270-dən çox bacı-qardaşımız üçün Çikoda xüsusi bir proqram keçirilib. Orada Birləşmiş Ştatlar komitəsinin bir üzvü və rayon nəzarətçiləri Müqəddəs Kitaba əsaslanan ruhlandırıcı məruzələr söyləyiblər.

Yehova tezliklə bütün üzlərdən göz yaşlarını siləcəyinə və ölümü əbədilik məhv edəcəyinə dair vəd verib. Dua edirik ki, belə çətin vəziyyətlə üzləşən bacı-qardaşlarımız bu vədi yadda saxlasınlar və Yehovanın verdiyi təsəlli sayəsində möhkəm qalsınlar (Əşiya 25:8).