8 SENTYABR 2014–CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR
Lilian Qobitas Kloze. 1940-cı ildə Ali Məhkəmənin barəsində tarixi qərar çıxardığı məktəbli qız 90 yaşında vəfat etdi
NYU-YORK. Lilian Qobitas Kloze 2014-cü il 22 avqust tarixində, 90 yaşında Corciya ştatının Feyetvil şəhərindəki evində vəfat etdi. O, məktəb illərində bayrağı salamlamadığı üçün Birləşmiş Ştatların Ali Məhkəməsi onun barəsində məhkəmə işi açmışdı.
Yehovanın Şahidi olan Lilian Qobitas və kiçik qardaşı Uilyam 1935-ci il 6 oktyabr tarixində dövlət radiosunda Müqəddəs Kitabın bütpərəstliyə qarşı münasibəti barədə verilişi dinləyəndən sonra daha bayrağı salamlamadılar. Bunun üstündən bir neçə həftə keçəndən sonra onlar məktəbdən qovuldular. Ataları Uolter uşaqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etdi və yerli məhkəmələrdə qələbə qazandı. 1940-cı il 3 iyun tarixində məktəb komitəsi Ali Məhkəməyə şikayət etdi və «Maynersvill Məktəb Rayonu Qobitisə qarşı» məhkəmə işində Qobitas ailəsinin əleyhinə qərar verildi. (Məhkəmə sənədlərində Qobitas ailəsinin soyadı səhv yazılıb.) Üç il sonra, 1943-cü il 14 iyun tarixində, Bayraq Günündə Ali Məhkəmə 1940-cı ildə «Qobitis» məhkəmə işində çıxardığı qərarı ləğv etdi və «Qərbi Virciniya Ştatının Təhsil Komitəsi Barnettə qarşı» məhkəmə işində qərar verdi ki, Yehovanın Şahidləri olan uşaqlar yenidən məktəbə qayıda bilərlər. ABŞ-ın tarixində ilk dəfə idi ki, Ali Məhkəmə qısa vaxt ərzində öz qərarını dəyişmişdi.
Lilian Qobitas 1923-cü il noyabrın 2-si Pensilvaniya ştatının Maynersvill şəhərində dünyaya göz açmışdı. Atasının adı Uolter, anasının adı Rut idi. O, 1935-ci il martın 4-ü Yehovanın Şahidi kimi vəftiz olunmuşdu. 20 yaşında ikən Lilian tammüddətli Müqəddəs Kitab müəllimi oldu (Yehovanın Şahidləri onları daimi pioner adlandırırlar). Sonralar, 1946-cı ilin fevralından 1953-cü ilin aprelinə kimi Yehovanın Şahidlərinin Bruklindəki Baş idarəsində işləmişdi.
Lilian 1951-ci ildə Yehovanın Şahidlərinin Avropada keçirdiyi konqresdə olarkən Almaniya filialında Ervin Kloze ilə tanış oldu. Ervin Nyu-Yorkda, Saut-Lansinqdə Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladda təhsil aldığı müddətdə onlar bir-birilərini yaxından tanıdılar. Ervin 1952-ci ildə məzun oldu və Vyanaya (Avstriya) təyinat aldı. Lilian da 1954-cü ilin fevralında Yehovanın Şahidlərinin xüsusi təyinatlı müjdəçilər məktəbini bitirdi.
1954-cü il martın 24-ü Vyanada Ervinlə ailə qurdu və birlikdə orada xüsusi təyinatlı müjdəçi kimi xidmət etdilər. Lakin Yehovanın Şahidi olduğuna görə nasist həbs düşərgəsində amansız rəftara məruz qalan Ervinin səhhətində problem yarandığı üçün onlar elə həmin ilin axırında Birləşmiş Ştatlara qayıtmalı oldular. Sonralar onların Stefan Pol və Yudit Debora adında iki uşağı oldu. 1967-ci ildə Kloze ailəsi Corciya ştatının Riverdal şəhərinə köçdü. Onlar bu şəhərdə Müqəddəs Kitab üzrə maarifləndirmə işini geniş miqyasda həyata keçirdilər.
Lilianın qızı Yudit Kloze, bacıları Cinni Fray və Qreys Reyniş və qardaşı Pol Qobitas hələ də sağdır. O, ərindən, valideynlərindən, qardaşı Uilyam Qobitasdan, bacısı Coy Yubetadan və qardaşı Stefan Pol Klozedən qabaq vəfat etdi.
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000