Kontentə keç

17 OKTYABR 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Birləşmiş Ştatlar tarixində ən güclü qasırğalardan biri hesab olunan «Maykl» qasırğası tüğyan edib

Birləşmiş Ştatlar tarixində ən güclü qasırğalardan biri hesab olunan «Maykl» qasırğası tüğyan edib

10 oktyabr 2018-ci il tarixində «Maykl» qasırğası Floridanı viran qoydu və Birləşmiş Ştatların cənub-şərqində çoxlu dağıntılara səbəb oldu. 4-cü kateqoriyalı bu qasırğa Birləşmiş Ştatlarda baş verən ən güclü qasırğalardan biri hesab olunub və ərazidəki mülkiyyətin viran qalmasına səbəb olub. Qasırğa nəticəsində, həmçinin ən azı 18 insan həyatını itirib.

Qasırğa 94 yığıncaqda və 13 teokratik rayonda xidmət edən bacı-qardaşlarımızdan təsirsiz ötüşməyib. Fəlakətdən ölənlər arasında dindaşlarımız yoxdur, amma üç nəfər xəsarət alıb. Qasırğa dindaşlarımıza məxsus 528 evi və 34 ibadət evini dağıdıb. Ümumilikdə 39 ibadət evi elektriksiz qalıb.

Birləşmiş Ştatlar filialı Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin və 40 rayon nəzarətçisinin köməyi ilə yardım işlərini təşkil edir. Bu işlərə bacı-qardaşlarımızı ərzaq, tibbi kömək, sığınacaq və su ilə təmin etmək daxildir. Həmçinin ağacların düşməsi nəticəsində yaranan xəsarəti aradan qaldırmaq və evləri yaşayış üçün təhlükəsiz vəziyyətə gətirməklə də yardım işləri həyata keçirilir. Bacı-qardaşlarımızı ruhlandırmaq və onlara ruhani dəstək olmaq üçün lazımi tədbirlər görülür.

Dindaşlarımız təbii fəlakətlərin səbəb olduğu vəziyyətlər də daxil olmaqla, bu dövrün çətin vəziyyətlərindən zərər çəkmələrinə baxmayaraq, Allahımızın tükənməz dəstəyinə tamamilə arxalanırlar (Zəbur 142:5).