Kontentə keç

31 OKTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

Xuliqanlıq. Yehovanın Şahidlərinin hazırladığı video valideynlərə bu ciddi problemin öhdəsindən gəlməyə kömək edir

Xuliqanlıq. Yehovanın Şahidlərinin hazırladığı video valideynlərə bu ciddi problemin öhdəsindən gəlməyə kömək edir

NYU-YORK. 2017-ci ildə Miçiqan Universitetinin nəzdində olan Çarlz Mott adına Uşaq Xəstəxanasında aparılan ümummilli sorğuya əsasən, Birləşmiş Ştatlardakı valideynlər hesab edirlər ki, xuliqanlıq uşaqlarının sağlamlığı üçün ən ciddi problemlərdən biridir.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti tərəfindən idarə olunan stopbullying.gov saytındakı məlumat valideynlərin narahatçılığının əsassız olmadığını göstərir: «Tutarlı araşdırmalara əsasən, ABŞ-dakı şagirdlərin təxminən 30%-i məktəbdə xuliqanlığa məruz qaldığını deyir».

Yehovanın Şahidlərinin Nyu-Yorkdakı ümumdünya baş idarəsinin nümayəndəsi Deyvid Semonian bildirir: «Biz xuliqanlığın uşaqlar üçün nə dərəcədə ciddi təhlükə olduğunu anlayırıq. Müqəddəs Kitab əsasındakı təlim işinin bir hissəsi kimi ailələrin üzləşdiyi xuliqanlıq və digər çətinliklərlə bağlı materiallar təqdim edirik. Artıq beş ilə yaxındır ki, mövcud olan “Əl-qol atmadan xuliqanın cavabını ver” adlı qələm animasiyamız bütün dünyada milyonlarla ailəyə fayda gətirib».

«Əl-qol atmadan xuliqanın cavabını ver» adlı videodan bir səhnə. Burada xuliqanlığa məruz qalan gəncə baş verənləri valideynlərinə, müəllimlərinə və ya etibar etdiyi yetkin insanlara danışması məsləhət görülür.

Dörd dəqiqədən az olan bu video Yehovanın Şahidlərinin jw.org adlı rəsmi saytında 30 jest dili də daxil olmaqla, 280-dən çox dildə mövcuddur.

Kolumbiyanın CES Universitetində yüksək dərəcəli proqram olan «Uşaq və Yeniyetmə Psixoloji Sağlamlığı» ixtisasının koordinatoru Natalia Kardenas Zuluaqa deyir: «Mən “Əl-qol atmadan xuliqanın cavabını ver” adlı qələm animasiyasını həqiqətən çox bəyənirəm. Çünki, məsələn, mənim ölkəmdə valideynlər uşaqlarına öyrədir ki, bəzən mübahisələri həll etməyin yolu zorakılıqdır. Düşünürəm ki, xuliqanlığa məruz qalan uşaqlar üçün bu videoda yaxşı məsləhətlər var. Həmçinin videoda xuliqanlıq haqda önəmli bir reallıq yer alıb: istənilən adam sadəcə başqalarından fərqləndiyi üçün xuliqanlığa məruz qala bilər. Bu faktı başa düşmək uşaqlara daxili rahatlıq verə, onlarda özünəinam və özünəhörmət yarada bilər».

Cənubi Koreyanın Sunqkyunkvan Universitetində köməkçi dosent olan doktor Jun Sunq Honq deyir: «Animasiya formatında tərtib olunan bu video xüsusilə xuliqanlığa məruz qalmış azyaşlı uşaqlar üçün faydalı və çox praktikidir. Həmçinin təsvirlərin qələmlə çəkilməsi izləyicinin məzmunu yadda saxlamasına kömək edir».

Xuliqanlıq üzrə Beynəlxalq Tədqiqat Şəbəkəsinin (Bullying Research Network) həmtəsisçisi Şeliy Haymel bölüşür: «Düşünürəm ki, burada uşaqlar üçün olduqca vacib məlumatlar yer alır və bildiyim tədqiqatlarla üst-üstə düşür. Bu video valideynlərin, müəllimlərin, eləcə də uşaq və yeniyetmələrlə işləyən yetkin insanların söhbətə başlaması üçün gözəl vasitə ola bilər».

Deyvid Semonian sözlərini belə yekunlaşdırır: «Biz xuliqanlığa məruz qalan uşaqlar üçün narahatıq və ümid edirik ki, onlar bu videodan özləri üçün faydalı məsləhətlər tapacaqlar. Videomuzda deyildiyi kimi, gənclər etibar etdikləri insanlara, xüsusilə valideynlərinə və ya bir müəllimə bu haqda danışmalıdırlar. Çünki onlardan lazımi rəhbərliyi və köməyi ala bilərlər. Heç kim üzləşdiyi xuliqanlığın öhdəsindən təkbaşına gələ bilməz».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000