17 NOYABR 2021
BOLİVİYA
Keçua dilində (Boliviya) «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü gördü
2021-ci il oktyabrın 24-ü Boliviya filialının komitə üzvü Duqlas Litl keçua dilində (Boliviya) «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışını elan etdi. Proqram qabaqcadan yazıya alınmışdı. Ona Boliviyada 4000-dən çox adam baxdı. Çox ehtimal ki, çap formatda kitab 2022-ci ilin aprel ayında buraxılacaq.
Keçua dilində (Boliviya) eyni söz müxtəlif bölgələrdə müxtəlif mənalarda işlənir. Bu səbəbdən «Yeni Dünya Tərcüməsi»ndə çoxlu haşiyələr var. Həmin haşiyələrdə müxtəlif bölgələrdə müxtəlif məna daşıyan sözlərə izahat verilib.
Keçua dilində (Boliviya) Müqəddəs Kitab tərcümələri 1880-ci ildən var. Ancaq bu tərcümələrin bir çoxunda Allahın adı olan Yehova adına ya ancaq haşiyələrdə rast gəlinir, ya da o, ümumi «Ata Allah» ifadəsi ilə əvəz olunub. Tərcüməçilərdən biri deyib: «Necə də şadam ki, indi əlimizdə Allahın adının olduğu bir tərcümə var».
Tərcümə üzərində iş gedəndə bir çox tərcüməçilər müxtəlif sınaqlarla üzləşmişdilər, məsələn, kimsə yaşlı ailə üzvlərinə baxmalı idi. COVID-19 pandemiyası isə layihəyə mane olan əlavə problemlər yaratdı. Bir tərcüməçi deyib: «Yalnız Yehovanın köməyi sayəsində biz tərcümə üzərində işi vaxtından əvvəl bitirdik».
Ümid edirik ki, keçua dilində (Boliviya) «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» hələ çox adama «xilas olub həqiqət barəsində dəqiq biliyə [yiyələnməyə]» kömək edəcək (1 Timutiyə 2:4).