Kontentə keç

8 DEKABR 2020
BOLQARISTAN

Avropa İnsan Hüquqları Məhkəməsi Bolqarıstandakı dindaşlarımızın xeyrinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi Bolqarıstandakı dindaşlarımızın xeyrinə qərar verib

10 noyabr 2020-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qət edib ki, Bolqarıstan hökuməti bu ölkədəki dindaşlarımızın din azadlığı hüququnu pozub. İndi hakimiyyət orqanları qardaşlara Varna şəhərində ibadət evinin tikintisini davam etdirməyə mane olmamalıdır. On ildən çoxdur ki, qardaşlar ibadət evinin tikintisini başa çatdıra bilmirdi. Bundan əlavə, AİHM Bolqarıstan hökumətinə qardaşlara ümumilikdə 9600 avro (11 500 ABŞ dolları) məbləğində təzminat ödəməyi həvalə edib.

İş qardaşların 2006-cı ilin yanvar ayında aldıqları torpaq sahəsində ibadət evinin tikintisi ilə bağlı idi. Varna şəhərinin rəhbərliyi 2007-ci ilin may ayında ibadət evinin tikintisinə icazə verdi və qardaşlar dərhal işə başladılar. Lakin elə həmin ilin iyul ayında mer tikinti normalarının pozulduğunu bəhanə gətirərək tikintini dayandırdı. Eyni vaxtda məşhur bolqar milliyyətçi siyasi partiyası tikinti sahəsinin yanında plakatlar yerləşdirdi və tikintiyə qarşı kütləvi etiraz aksiyası keçirdi.

AİHM-nın qərarında deyildiyi kimi, bundan sonra Varna şəhərinin rəhbərliyi açıq bəyanatla çıxış edərək Yehovanın Şahidlərinə böhtan atdı və «etiraz aksiyası keçirənləri açıq-aydın dəstəklədi». KİV qarşısında çıxış edən zaman da mer etiraz aksiyasını dəstəklədiyini bildirdi.

Mer və digər şəhər məmurları açıq-aydın ayrı-seçkilik göstərirdilər. Bununla belə, onlar iddia edirdilər ki, tikintinin dayandırılmasına səbəb dini zəmində ayrı-seçkilik deyil, zonalaşdırma qaydaları ilə bağlı mübahisədir.

Qardaşlar Bolqarıstan məhkəmələrinə, o cümlədən Ali İnzibati Məhkəməyə çoxsaylı şikayətlər verdilər, lakin iş həll olunmadı. Yerli yığıncaq müəyyən müddət görüşlərini icarəyə götürülmüş yerdə keçirməli oldu.

Qərarının sonunda AİHM bildirdi ki, dövlət məmurlarının hərəkətlərinə bəraət qazandıran əsas yoxdur. Altı hakim lehinə, biri əleyhinə olmaqla məhkəmə qət etdi ki, Varna şəhərinin rəhbərliyi ibadət evinin tikintisini dayandırmaqla Avropa İnsan Hüquqları Konvensiyasının 9 və 11-ci maddələri ilə zəmanət verilən fikir, vicdan və din azadlığı hüquqlarını pozub.

Qardaşlar ümid edir ki, şəhər məmurları AİHM-nın qərarını tam şəkildə icra edəcək və Varna şəhərində cəmiyyətə xeyir, Yehovanın adına isə şərəf gətirəcək ibadət evinin tikintisinin başa çatdırılmasına mane olmayacaq. Bizə daim dəstək olduğuna görə Yehovaya ürəkdən minnətdarıq (Zəbur 54:4).