19 FEVRAL 2024
BOTSVANA
Botsvanada dini azadlığın 50 illiyi
20 fevral 2024-cü il tarixində Botsvanada Yehovanın Şahidlərinin rəsmi olaraq qeydiyyatdan keçməsinin 50 ili tamam oldu. 1974-cü ildə qeydiyyatdan keçənə qədər Botsvanadakı dindaşlarımız müxtəlif məhdudiyyətlər və qadağalarla üzləşmişdilər.
Botsvanada həqiqət toxumu ilk dəfə 1929-cu ildə səpilib. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi insanlarda qorxu və qəzəb oyatmışdı. Bu da bizim oradakı fəaliyyətimizin və ədəbiyyatlarımızın qadağan olunmasına gətirib çıxardı. 1959-cu ildə bu məhdudiyyətlər aradan qaldırılandan sonra Yehovanın Şahidləri nisbətən daha rahat şəraitdə fəaliyyətlərini davam etdirdilər.
1972-ci ildə Botsvanada çıxan yeni qanuna görə bütün təşkilatlar hökumət qeydiyyatından keçməli idi. Qardaşlar bu qanuna uyğun olaraq qeydiyyatdan keçmək istəyəndə onların sorğuları rədd edildi və fəaliyyətlərini tam olaraq dayandırmaq üçün onlara cəmi 20 gün vaxt verildi. Yehovanın Şahidlərinin Botsvanadakı fəaliyyəti qadağan olundu! Təbliğdə və ya ibadət görüşündə tutulan hər bir kəsi yeddi ilədək həbs cəzası gözləyirdi. Buna rəğmən, bacı-qardaşlarımız gizlin toplaşırdılar. Misal üçün, bəzən görüşlər kolluqda baş tuturdu. Həmin vaxtları xatırlayan Tomi Marupinq qardaş deyir: «Qadağaya baxmayaraq, biz xidmət etməyə və birlikdə toplaşmağa daha əzmli idik. Əmin idik ki, Yehova bizimlədir».
20 fevral 1974-cü il tarixində hökumət qərarını dəyişdi və Yehovanın Şahidlərinin dini təşkilat kimi qeydiyyatdan keçməsinə razılıq verdi. Bu gün Botsvanada 42 yığıncaqda təxminən 2400 təbliğçi xidmət edir. Görüşlər Botsvana jest dili, ingilis, kalanqa (Botsvana), setsvana və şona dillərində keçirilir. Botsvanada qadağa aradan qaldırılandan qısa müddət sonra xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Hyu Kormikan qardaş bölüşür: «Bacı-qardaşlarımız bu günədək öz möhkəm imanlarını qoruyub saxlaya bildilər. Biz rahat şəkildə ibadət görüşlərində, toplantılarda yığışa bilirik və bu bizə Yehovanın xalqı kimi birlikdə yaşamağa kömək edir».
Botsvanadakı bacı-qardaşlarımızın dözümü bizə sübut edir ki, Yehova Ona xidmət edənlərin Onun «əmrlərinə riayət etmək» üçün göstərdikləri səylərə həmişə bərəkət verəcək (1 Yəhya 5:3).