25 İYUN 2020
BRAZİLİYA
Amazonda yaşayan bacı-qardaşlara yardım göstərilir
Braziliyanın filial komitəsi koronavirus pandemiyası ucbatından maddi çətinlik çəkən təbliğçilərə kömək etmək üçün 18 Zərərçəkənlərə yardım komitəsi təşkil edib. Komitələr ölkə ərazisindəki 12000-ə yaxın yığıncağa, o cümlədən Amazon çayı boyunca ucqar ərazilərdə yaşayan bacı-qardaşlara yardım göstərir. Amazonda 131 ailə yardım alıb.
Amazonas ştatının paytaxtı Manaus şəhərində yardım komitəsi bir aylıq ərzaq və ilkin tələbat mallarından ibarət bağlamalar hazırlayıb. Bağlamaya paxla, kassava unu, düyü, quru süd kimi ərzaqlar, eləcə də sabun, tualet kağızı, diş məcunu və diş pastası kimi mallar daxildir. Qardaşlar bağlamaları onlara ən yaxın olan Manakapuru limanına gətirib oradan qayıqlarla bir neçə ucqar əraziyə, o cümlədən Membeka və Laqu-du-Kastanyuya aparıblar.
Laqu-du-Kastanyu regionunda yaşayan Marinelma bacı bağlamanı alandan sonra deyib: «İlk növbədə qayğımıza qalan Yehovaya minnətdaram. Bizim köməyə böyük ehtiyacımız var, ərzaq almağa pulumuz yoxdur. Qardaşlara da səxavət və məhəbbətlərinə görə minnətdaram. Altı yaşlı oğlum bağlamanı açıb ərzaq və əşyaları yerbəyer etdiyimi görəndə fürsətdən istifadə edib ona izah etdim ki, Yehova qardaşlar vasitəsilə bizə kömək edib. Onda oğlum dedi: “Ana, gəl Yehovaya dua edək və ona çox sağ ol deyək”».
Ailəsi ilə birgə Kaapiranqa şəhərində yaşayan Jonas Monteyru qardaş yardım komitəsinə minnətdarlıq məktubu yazıb. Məktubda deyilir: «Bizə kömək etdiyinizə görə çox sağ olun. Sizlər vasitəsilə Yehovanın məhəbbətini gördük. Bu gözəl ailənin bir üzvü olmaq böyük şərəfdir!»
Yardım komitələrində xidmət edən qardaşlar da xeyli ruhlanır. Onlardan biri, ağsaqqal İsaak Emannuel Ramalyu-di-Oliveyra, deyib: «Yardım komitəsində işlədiyim hər gün imanımı daha da möhkəmləndirir. Burada xidmət etməklə qardaşlara nə qədər fayda versəm də, bu xidmətin mənə verdiyi fayda ondan qat-qat çoxdur».
Harada yaşamalarından asılı olmayaraq, Yehovanın pandemiya zamanı xidmətçilərinin qayğısına qaldığını görmək imanımızı möhkəmləndirir (Zəbur 94:14).