Kontentə keç

4 FEVRAL 2020
BRAZİLİYA

Braziliyada qardaşlar dağıdıcı daşqının nəticələrini aradan qaldırır

Braziliyada qardaşlar dağıdıcı daşqının nəticələrini aradan qaldırır

2020-ci ilin yanvar ayının 18-dən Braziliyanın Espiritu-Santu və Minas-Jerays ştatlarında külli miqdarda yağış yağıb. Daşqın ucbatından küçələri sel basıb. Sel suları evlərə ziyan vurub, maşınları yuyub-aparıb, ağacları kökündən qoparıb. Rəsmilərin məlumatına görə, minlərlə insanları evlərindən təxliyə etmək lazım gəlib, 60-dan çox insan həyatını itirib.

Espiritu-Santu ştatı

İkonya və Alfredu-Şavis şəhərlərində daşqın Yehovanın Şahidlərinin yaşadığı doqquz evə və 27 bacı-qardaşa ziyan vurub. Xoşbəxtlikdən, dindaşlarımız arasında ölən və ya xəsarət alan yoxdur.

Həmin regionda yaşayan təxminən 100 bacı-qardaş zərərçəkənlərin köməyinə gəlib. Ağsaqqallar qardaşların ianə etdikləri ərzaq, su və paltarların paylanmasını təşkil edib. Qardaşlar həmçinin evlərini su basmış bacı-qardaşların və onların qonşularının evlərini palçıqdan təmizləməyə kömək ediblər.

Minas-Jerays ştatı

Bu ştatda Yehovanın Şahidləri arasında ölən və ya xəsarət alan yoxdur. Bununla belə, beş ibadət evinə zərər dəyib və təxminən 50 bacı-qardaş evlərini tərk etməli olub. Bəziləri suyun səviyyəsinin qalxması ucbatından qayıqlarla təxliyə olunana qədər evlərinin ikinci mərtəbələrində kömək gözləyiblər. Dindaşlarımız təxliyə olunanların hamısını öz evlərində yerləşdirib.

Hər iki ştatda yardım işlərinə nəzarət edən Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri təşkil edilib. Komitələr rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə zərərçəkmiş təbliğçilərin fiziki və ruhani ehtiyaclarının qayğısına qalırlar.

Biz bu təbii fəlakətdən ziyan çəkmiş bacı-qardaşlar üçün durmadan dua edirik. Yehovaya minnətdarıq ki, məsihi yığıncağı vasitəsilə onlara güc və təsəlli verir, onları köməksiz qoymur (Zəbur 28:7).