22 İYUN 2022
BRAZİLİYA
Yehovanın Şahidlərinin Braziliyada rəsmi tanınmalarının 75 illiyi
«İmanımız, şövqümüz və Yehovaya etibarımız heç vaxt sarsılmadı»
23 iyun 1947-ci ildə Yehovanın Şahidlərinin təşkilatı Braziliyada «Sociedade Torre de Vigia de Bíblias e Tratados»-u (Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti) rəsmi olaraq qeydiyyatdan keçirdi. Bu, Braziliyada son 75 il ərzində fəaliyyət göstərən əsas rəsmi qurumdur. Rəsmi olaraq qeydiyyatdan keçmək üçün qardaşlar uzun illər müqavimətlərlə qarşılaşdılar.
13 oktyabr 1945-ci ildə Braziliyadakı təbliğçilər Yehovanın Şahidlərinin rəsmi tanınması üçün petisiya keçirdilər. Təxminən 400 təbliğçi ölkə üzrə 44 411 imza topladı. Onlar petisiyanın nəticələrini prezident sarayına göndərsələr də, heç bir cavab almadılar.
1946-cı ildə Braziliyada yeni konstitusiya qəbul edildi. Bu konstitusiya Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin qeydiyyatdan keçməsinə şərait yaratdı. Həmin il ölkədə hər ay orta hesabla 442 təbliğçi xidmət edirdi.
Din xadimləri Braziliyada Yehovanın Şahidlərinin rəsmi olaraq tanınmasına görə heç də sevinmədilər. Üç il sonra, 1949-cu il noyabrın 3-də din xadimləri Braziliya prezidentinə təzyiq göstərdilər ki, Gözətçi Qülləsi Cəmiyyətinin fəaliyyətinin qadağan olunması barədə qərar imzalasın. Qardaşlar məsələni məhkəməyə verdilər. Məhkəmə işi yeni prezidentin qərarı ləğv etməsinə qədər, yəni 1957-ci il aprelin 8-nə qədər davam etdi. Yeni prezident Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin lehinə qərar verdi.
Amma qardaşlar dövlət tərəfindən maneələrlə üzləşsələr də, Yehova təbliğ işini avand edirdi. 1941-ci ildə vəftiz olunmuş və Braziliyadakı Gözətçi Qülləsi Cəmiyyətinin ilk üzvlərindən biri belə deyir: «İmanımız, şövqümüz və Yehovaya etibarımız heç vaxt sarsılmadı», buna görə də təbliğçilərin sayı artmağa davam etdi. 1947-ci ildə ilk dəfə sayımız 1000-i ötəndə sevincimizin həddi-hüdudu yox idi».
O vaxtdan bəri Braziliyadakı Yehovanın Şahidlərinin sayında böyük artım olub. 2021-ci ildə təbliğçilərin sayı ən pik həddə, 913 479-a çatdı və elə həmin il 2 184 856 nəfər Məsihin ölümünü anma mərasimində iştirak etdi. 2021-ci ilin «İman bizə güc verir» adlı regional toplantısı, 10 yerli dil də daxil olmaqla 15 dilə tərcümə olundu.
Yehovanın Braziliyadakı təbliğ işini avand etdiyini görmək bizi çox ruhlandırır. Qardaşlarımızın hüquqi maneələrə rəğmən, dözüm göstərmələri sübut edir ki, Yehova Ona ümid bağlayanları xilas edir (Əşiya 25:9).