5 SENTYABR 2017
BÖYÜK BRİTANİYA
Yehovanın Şahidlərinin Böyük Britaniyadakı yeni filialı ekoloji dizayna görə yüksək dərəcəli BREEAM sertifikatını alır
LONDON. Yehovanın Şahidlərinin Böyük Britaniyada tikdiyi yeni filial binası, onun dizaynı və tikinti üslubu dünyanın aparıcı ekoloji qiymətləndirmə sistemi olan BREEAM (Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası) tərəfindən ən yüksək dərəcəli «mükəmməl» sertifikatını aldı. Yehovanın Şahidlərinin bu kompleksi Londondan təxminən 70 kilometr şərqdə, Çelmsford şəhərində (Esseks) yerləşir və yüksək dərəcəli BREEAM sertifikatını alan ikinci tikilidir.
BREEAM sertifikatı — tanınmış elmi mərkəz olan BRE (Tikinti Tədqiqatları Təşkilatı) tərəfindən tikinti layihələrinin ekoloji dizaynını, davamlılığını müəyyən etmək, eləcə də tikililərin enerji, sağlamlıq, rifah, yenilik, torpaq istifadəsi, materiallar, idarəetmə, çirklənmə, nəqliyyat, tullantı və su kimi müxtəlif kateqoriyalarını qiymətləndirilməsi üçün təşkil olunub. Layihələr «kafi», «yaxşı», «çox yaxşı», «əla» və ya «mükəmməl» dərəcələrlə qiymətləndirilir. Çelmsford Şəhər Şurası Yehovanın Şahidlərinin yeni tikinti layihəsini təsdiqləmək üçün onun ekoloji dizayn meyarlarına uyğun gəlməsini tələb etdi, bunun üçün isə ən azından «çox yaxşı» dərəcəli BREEAM sertifikatını almaq lazım idi. Çelmsford Şəhər Şurasında ekoloji dizayn tikintiləri üzrə planlaşdırma mütəxəssisi olan Neyl Cordan Yehovanın Şahidlərinin layihəsi haqda öz rəyini bildirir: «Yehovanın Şahidlərinin bütün tələbləri canla-başla yerinə yetirməsi, hətta şəhər şurasının gözlədiyindən də artığını etməsi bizi çox sevindirdi». O həmçinin əlavə edir ki, bu layihə «şəhərimiz üçün qürur qaynağıdır, ən yüksək ekoloji standartlara nail olmaq üçün mükəmməl bir nümunədir».
Bu layihə «mükəmməl» dərəcəli sertifikatla qiymətləndirilməkdən əlavə, həmçinin yaşıl dizayn sahəsində öz yenilikləri ilə tanındı. Yehovanın Şahidləri işçilərin tikinti ərazisində yaşamasına şərait yaratmaqla, çatdırılma üçün mikroavtobuslardan və digər ekoloji nəqliyyat vasitələrindən istifadə etməklə yarana biləcək 2480 ton karbon emissiyasının qarşısını ala bildi. Bunun sayəsində Yehovanın Şahidləri yenilikçilik sahəsində gördükləri işlərə görə BREEAM Communities-in verdiyi ilk mükafata layiq görüldü. Neyl Cordan qeyd etdi ki, bu layihə «karbon emissiyalarını azaltmaq sahəsində yeni üsullar tapmaq üçün faydalı oldu, həmçinin BREEAM Communities-in ekoloji sxemi çərçivəsində indiyə kimi nail olunmayan xüsusi sahələrdə akkreditasiya qazanmağa müvəffəq oldu».
BREEAM üzrə qiymətləndirici Pallab Çaterci Yehovanın Şahidləri ilə öz iş təcrübəsi və onların böyük təşkilatlarla qarşılıqlı əməkdaşlığı haqda rəyini bildirir: «Ərazidə gördüyüm səmimi və dostyana münasibət çox xoşuma gəldi. Tikinti sahəsində belə münasibətə çox nadir rast gəlinir. Şahidlər mümkün qədər çoxlu BREEAM ekoloji tələblərini dizayna daxil etmək üçün əllərindən gələni etdilər. Onlar fikirlərini təkcə BREEAM dərəcəsi qazanmağa yox, həmçinin layihəyə dəyər gətirəcək ekoloji dizayn təqdim etməyə cəmlədilər. Onların yerli cəmiyyətlərlə və gələcək sakinlərilə sülh içində əməkdaşlıq etməsi mənə çox güclü təsir bağışladı. Bu, üzərində işlədiyim ən sevimli layihələrimdən biri oldu».
Yehovanın Şahidlərinin Böyük Britaniyadakı nümayəndəsi Endryu Skoufild deyir: «Təxminən 60 ildir ki, Böyük Britaniyadakı idarə mərkəzimiz Londonda yerləşir. Amma Müqəddəs Kitaba əsaslanan nəşrlərə və materiallara artan tələbata görə böyük binalara ehtiyac yarandı. Biz 2015-ci ilin aprelində 34 hektarlıq əmlakı tikinti üçün hazırlamağa başladıq, bu tikintini 2019-cu ilin sonlarına kimi yekunlaşdırmağı planlaşdırırıq».
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000
Birləşmiş Krallıq: Endryu Skoufild, tel.: +442089062211