25 YANVAR 2022
CƏNUBİ AFRİKA
Cənubi Afrikada Yehovanın Şahidləri karlara kömək etdiklərinə görə tərifə layiq görülüb
Cənubi Afrika jest dilində daha iki Müqəddəs Kitab bölməsi işıq üzü gördü
Yehovanın Şahidləri kar insanlara həyatlarını yaxşılaşdırmağa kömək edən yüksəkkeyfiyyətli videolar istehsal edirlər. 15 noyabr 2021-ci il tarixində İncilin «Yeni Dünya Tərcüməsi»nin «Qalatiyalılara» və «Efeslilərə» bölmələri işıq üzü gördü. Beləliklə, Cənubi Afrika jest dilində buraxılan Müqəddəs Kitab bölmələrinin sayı ona çatdı. Buna görə Yehovanın Şahidləri Cənubi Afrikada kar insanların hüquqlarını müdafiə edənlərin tərifinə layiq görüldülər. Daha dörd bölmənin 2022-ci ilin aprel ayında buraxılması nəzərdə tutulub. Buraxılmış on bölmə jw.org saytında və «JW Library Sign Language» tətbiqində yerləşdirilib.
Qərbi Kap əyalətinin hökumət başçısının müavini, təhsil məsələləri üzrə mütəxəssis Mina Steyn Yehovanın Şahidləri haqda deyib: «Onların jest dili tərcüməçilərinə baxmaq çox xoşuma gəlir. Onları və təşkilatlarını yüksəkstandartlı və keyfiyyətli surdotərcüməyə görə təbrik edirəm».
Esvatinidə Karlar Federasiyasının Prezidenti Bonqani Makama qeyd edib: «Başqaları üçün əlçatan olan imkanlardan kar və zəif eşidən insanların da yararlana bilmələri üçün yaratdıqları imkanlara görə Yehovanın Şahidlərinə təşəkkürümüzü bildiririk... Karlar doğma dillərində Müqəddəs Kitabın olmasına layiqdirlər. Məhz buna görə Yehovanın Şahidləri Müqəddəs Kitabı kar insanların doğma dilinə tərcümə etdiklərinə görə tərifə layiqdirlər. Müqəddəs Kitabın 66 bölməsinin hamısının jest dilində çıxacağı günü səbirsizliklə gözləyirik».
Cənubi Afrika Respublikasında 450 000-ə yaxın insan Cənubi Afrika jest dilindən istifadə edir. Bu ölkədə 283 kar və zəif eşidən təbliğçi var. Yehovanın Şahidlərinin əməyi sayəsində, Cənubi Afrika Respublikası filialının nəzdində olan ərazilərdə yaşayan kar insanlar da daxil olmaqla, «hər cür insan» həqiqət barəsində dəqiq biliyə yiyələnir (1 Timutiyə 2:4).