13 SENTYABR 2019
CƏNUBİ AFRİKA
CAR-da beynəlxalq toplantıda üç dildə «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edilib
6 sentyabr 2019-cu il tarixində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş beynəlxalq toplantıda 16 milyondan çox insanın danışdığı venda, afrikaans və kosa dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edilib. Elanı Rəhbərlik Şurasının üzvü Entoni Moris «FNB» stadionunda toplaşmış 36865 nəfərin qarşısında səsləndirib. Lesoto, Namibiya və Müqəddəs Yelena adasından proqrama canlı olaraq daha səkkiz məkan qoşulmuşdu və bu məkanlarda iştirakçıların ümumi sayı 51229 nəfər olub.
Bir tərcüməçi Müqəddəs Kitabların özəllikləri haqda sevinclə deyib: «Biz hamımız Müqəddəs Kitabı ürəklərimizin dərinliyinə nüfuz edən dildə başdan oxumağa başlayacağıq!» Digər tərcüməçi isə deyib: «Ən vacibi odur ki, [Müqəddəs Kitabın yeni nəşri] bizi Yehovaya daha yaxın edəcək, çünki orada Onun adına dəfələrlə rast gəlinir».
Müqəddəs Kitabın yeni nəşrləri qardaşlarımızın xidmətini də zənginləşdirəcək. Kosa tərcümə qrupunun üzvü deyib: «Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi”nin yenidən baxılmış nəşrinin xidmətdə böyük köməyi olacaq. Artıq hər sözü, hər kəlməni izah etməyə lazım gəlməyəcək: insanlar Müqəddəs Kitab təlimlərini indi rahat başa düşəcəklər». Afrikaans tərcümə qrupunun üzvü əlavə edib: «İndi ayəni sadəcə oxumaq tələb olunur, çünki Müqəddəs Kitab özü-özünü izah edir».
Biz çox sevinirik ki, bacı-qardaşlarımızın onlara Yehovaya daha yaxın olmağa kömək edəcək rahat oxunan Müqəddəs Kitabları var (Yaqub 4:8).