24 APREL 2024
CƏNUBİ AFRİKA
Minlərlə Yehovanın Şahidi Cənubi Afrikada kosadilli əhaliyə ümid xəbərini çatdırır
2024-cü il yanvarın 29-dan martın 11-ə kimi Cənubi Afrikadan olan 11 000 dindaşımız ölkənin Şərqi Keyp vilayətində kosa dilində keçirilən kampaniyada iştirak edib. Bu vilayətin yeddi milyonluq əhalisinin əksəriyyəti kosadillidir. Kampaniya ərzində 2700 nəfər Müqəddəs Kitab dərsi almaq istədiklərini bildirmişlər.
Kampaniya vaxtı iki bacı bir qadınla söhbətə başladı. Qadının qardaşı iki həftə əvvəl bədbəxt hadisə nəticəsində vəfat etmişdi. Qadın göz yaşı içində bacılara qardaşının ölümü barədə danışdı. Bacılar Vəhy 21:3, 4 ayələrinin köməyilə ona təsəlli verdilər. Qadın ölüm və əzab-əziyyətin sonu ilə bağlı Müqəddəs Kitabda deyilənlərə maraq göstərdi və bacılardan ibadət görüşlərinin ünvanını və vaxtını soruşdu. Qadınla Müqəddəs Kitab dərsinə başladılar.
Zukisva adlı bir bacı artritdən əziyyət çəkən bir qadınla söhbətə başladı. Kəskin ağrılarına görə uşaqlarına yemək bişirmək ona çox çətindir. Qadın narahat idi ki, uşaqları həmin gün ac qalacaq, çünki xəmir yoğurmağa gücü yox idi. Onda Zukisva təklif etdi: o, xəmir yoğuracaq, əməkdaşı isə qadına Müqəddəs Kitab barədə danışacaq. Bacılarımızın mehribanlığına və qayğısına məəttəl qalan qadın bütün dost-tanışına bu barədə danışdı. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başladı.
Gebexa şəhərində ev-ev təbliğ zamanı iki qardaş bir ayağı amputasiya olunmuş bir kişi ilə söhbət etdi. Onu çoxdan bir sual narahat edirdi: dünyanı Allah yaradıbsa, onda niyə O, Şeytana dünyanı idarə etməyə izin verir? (1 Yəhya 5:19). Qardaşlarımız Müqəddəs Kitab vasitəsilə onun suallarına cavab verdilər. «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxandan sonra kişi də, arvadı da Müqəddəs Kitab dərsinə məmnuniyyətlə razı oldular.
Gebexa şəhərində təbliğ edən bir bacımız bir qadına Zəbur 37:29 ayəsini oxumağı təklif etdi. Qadın ayəni öz Müqəddəs Kitabında oxuyandan sonra dedi ki, heç nə başa düşmədi. Onda bacı bu ayəni «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndən oxudu. Qadın heyrətlə dedi: «Bu kitabda istifadə olunan kosa dili necə təbiidir! Öz Müqəddəs Kitabımla bu kitabın dili arasında yerlə göy qədər fərq var». Hal-hazırda o, Müqəddəs Kitabı müntəzəm öyrənir.
Biz çox sevinirik ki, Cənubi Afrikada yaşayan kosadilli insanlar «hər cür təsəlli Allahı»nın Öz Kəlamı vasitəsilə verdiyi ümid xəbərinə hay verir (2 Korinflilərə 1:3).